“Intel”in səhmləri kəskin ucuzlaşdı
ABŞ-nin mikroprosessor istehsalçısı “Intel” şirkətinin səhmləri gəlirlərlə bağlı açıqlanan proqnozun analitiklərin gözləntilərini doğrultmamasından sonra kəskin ucuzlaşıb.
Sfera.az xəbər verir ki, şirkətin səhmləri əvvəlki ticarət sessiyasında 3,62 faiz dəyər itirərək 92,07 dollara enib. Daha sonra birjaöncəsi ticarətdə ucuzlaşma davam edib və səhmlərin qiyməti təxminən 69 dollara düşüb.
Buna səbəb “Intel”in dördüncü rüb üzrə satış gəlirlərinin 15-16 milyard dollar olacağını proqnozlaşdırmasıdır. Halbuki analitiklər bu göstəricinin 17-18 milyard dollar təşkil edəcəyini gözləyirdilər.
Şirkətin hesabatına əsasən, üçüncü rübdə xalis mənfəət də ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 milyard dollardan 3,3 milyard dollara geriləyib.
“Bloomberg” yazır ki, “Intel” fərdi kompüterlər (PC) bazarında ciddi tənəzzüllə üzləşib. Yaddaş yarımkeçiricilərinin çatışmazlığı və komponentlərin qiymətinin kəskin artması kompüter istehsalçılarına da təsir göstərir.
Şirkətin qiymətləndirməsinə görə, PC bazarındakı geriləmə gələn ilin ortalarına qədər davam edə bilər. 2026-cı ildə 12 faizlik azalmadan sonra sektorun gələn il daha 10 faiz kiçiləcəyi gözlənilir.
Bununla belə, “Intel” uzunmüddətli perspektivdə məhsullarına tələbatın artacağına ümid edir. Şirkət istehsal gücünü artırmaq üçün yeni avadanlıqlara investisiyalarını genişləndirir. Həmçinin digər çip istehsalçılarının sifarişlərini qəbul etməyi planlaşdırır.
Qeyd edək ki, ilin əvvəlindən “Intel” səhmlərinin dəyəri iki dəfədən çox artmışdı. Buna səbəb şirkətin süni intellekt bumundan faydalanan əsas istehsalçılardan biri hesab edilməsi idi. Lakin son proqnoz göstərir ki, yüksək tələbat belə şirkətin qısamüddətli bazar problemlərini aradan qaldırmasına kifayət etmir.
Fatimə
Sfera.az






