ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

ABŞ Dövlət Departamenti ölkəyə immiqrasiya etmək istəyən şəxslərin bütün immiqrant vizası müraciətlərinin qəbulunu dayandırıb.
Qərarın Prezident Donald Tramp administrasiyasının həm qanuni, həm də sənədsiz miqrasiyaya qarşı həyata keçirdiyi sərt siyasətin bir hissəsi olduğu bildirilir.
Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi çərşənbə axşamı açıqlamasında bütün immiqrant vizası müraciətlərinin dayandırıldığını təsdiqləyib.
Bildirilir ki, məqsəd viza prosesində tətbiq olunan nəzarəti sərtləşdirməkdir.
Departament rəsmisinin sözlərinə görə, yeni tətbiq avqustun əvvəlindən etibarən bütün ABŞ səfirlikləri və konsulluqlarında qüvvəyə minib. Bu səbəbdən viza görüşlərinin əməkdaşların “dərinləşdirilmiş təlim” keçməsinə imkan verəcək şəkildə yenidən təşkil edilməsi tələb olunub.
Rəsmi əlavə edib ki, Dövlət Departamenti bu ilin əvvəlindən etibarən yenilənmiş təlimat və təlim proqramları üzərində çalışır. Məqsəd bütün konsulluq əməkdaşlarının hər bir viza müraciətçisini ətraflı və vahid meyarlar əsasında qiymətləndirə bilməsini təmin etməkdir.
Viza görüşləri artıq təyin edilmiş şəxslərə görüşlərinin ləğv edildiyi və yeni tarix və saatın daha sonra bildiriləcəyi barədə elektron məktublar göndərilib.
Hazırda sığınacaq müraciətləri davam edən təxminən 200 min nəfərin bu qərardan təsirlənə biləcəyi bildirilir. Bunun ABŞ tarixində ən böyük kütləvi viza ləğvi ola biləcəyi qeyd olunur. Prosesin Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilir.
İradə Elsevər
Sfera.az






