Təyyarə əməkdaşını vurdu...

Kanadanın Monreal şəhərindəki hava limanında yerüstü xidmət əməkdaşının təyyarənin vurması nəticəsində həyatını itirməsi ilə bağlı araşdırma davam edir.
Hadisə zamanı təyyarədə olan sərnişinlərdən biri dəhşətli anları təyyarənin alt hissəsindəki kameradan izlədiyini bildirib.
Sfera.az xəbər verir ki, hadisə Parisə uçuşa hazırlaşan “French Bee” aviaşirkətinə məxsus 351 saylı reysin geri itələnməsi (pushback) əməliyyatı zamanı baş verib. Təyyarə sərnişini Matthieu Douvenou oturacağındakı ekrandan təyyarənin burun eniş şassisini gördüyünü deyib. Onun sözlərinə görə, həmin vaxt uçuş-enmə zolağında çalışan əməkdaş qəfil büdrəyib və ardınca təyyarə geri hərəkət edib:
“Əməkdaş sanki büdrədi. Həmin anda təyyarə geri hərəkət etdi və zərbə hiss etdik. Dərhal çox ciddi hadisənin baş verdiyini anladım”.
Beynəlxalq Makinistlər və Aerokosmik İşçilər Assosiasiyası hadisə nəticəsində həyatını itirən 39 yaşlı əməkdaşın Oscar Robayo olduğunu açıqlayıb. Bildirilib ki, Robayo hava limanında baqaj və sərnişin xidmətləri göstərən “Samsic” şirkətində çalışıb. Hadisə yerli vaxtla bazar ertəsi saat 18:00-da baş verib.
“French Bee” aviaşirkətindən bildirilib ki, qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Hava limanının idarəetməsi isə təcili yardım qruplarının hadisə yerinə saat 19:30 radələrində müdaxilə etdiyini açıqlayıb. Ağır yaralanan Robayo xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hava limanı rəhbərliyi hadisəni “faciəvi istehsalat qəzası” kimi qiymətləndirərək, mərhum əməkdaşın yaxınlarına başsağlığı verib.
Təyyarədə olan Douvenou toqquşma zamanı yüngül silkələnmə hiss etdiklərini bildirib. O, sərnişinlərdən birinin qışqırdığını, digər sərnişinin isə tibb bacısı olduğunu deyərək kömək etmək istədiyini söyləyib. Onun sözlərinə görə, kabin heyəti hadisədən təxminən 30 saniyə sonra kameranın görüntüsünü bağlayıb.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başlayıb və əraziyə ekspertlər göndərib. Əmək və Sosial İnkişaf Nazirliyi də işəgötürənin əməyin mühafizəsi və təhlükəsizlik üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək üçün araşdırma başladıb.
İradə Elsevər
Sfera.az






