Kolumbiyada baş vermiş 7 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 331-ə çatıb

Cənubi Amerika ölkəsi Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 331-ə çatıb.
Sfera.az xəbər verir ki, Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsinin (UNGRD) məlumatına görə, 4 439 yaralı, itkin düşən 240 nəfər və dağıntılar altında qalan 364 nəfər sağ xilas edilib. Zəlzələnin səbəb olduğu dağıntıların aradan qaldırılması məqsədilə Kolumbiya hökuməti ölkədə “iqtisadi, sosial və ekoloji fövqəladə vəziyyət” elan edib.
Kolumbiya Prezidenti Abelardo de la Espriella avqustun 18-də verdiyi açıqlamada ilkin hesablamalara görə, zəlzələnin 9,5 milyard dollar məbləğində zərərə səbəb olduğunu bildirib. Prezident yenidənqurma prosesini sürətləndirmək məqsədilə “Möcüzə Fondu” (Fondo Milagro) adlı yeni fondun yaradıldığını açıqlayıb. Hökumət evlərini itirən ailələrə kirayə yardımı, kommunal xidmətlər üzrə dəstək, həmçinin yeni mənzil və yaşayışla bağlı digər yardımlar göstərməyi planlaşdırır.
De la Espriella bildirib ki, zəlzələ nəticəsində evləri dağılan və ya yaşayış üçün yararsız hala düşən ailələrə avqustun 26-dan etibarən üç ay müddətində 875 min 452 peso (təxminən 285 dollar) yardım veriləcək. Prezident qeyd edib ki, məqsəd yalnız dağılan evləri yenidən tikmək deyil, onları daha təhlükəsiz və dayanıqlı şəkildə inşa etmək, eyni zamanda yeni iş imkanları yaratmaqdır.
İradə Elsevər
Sfera.az






