ABŞ-İran gərginliyi: "Hər iki ölkə yeni müharibəyə hazırlaşır"

ABŞ ilə İran arasındakı gərginlik səngimək bilmir. Hazırkı atəşkəsə bənzər vəziyyət daha çox müvəqqəti xarakter daşıyır və tərəflərin strateji maraqları fonunda ciddi suallar doğurur. Mövcud şəraitdə bu sakitliyin uzun müddət davam edəcəyi, yoxsa qaçılmaz olaraq tərəflərdən birinin geri çəkilməsi və ya yeni bir hərbi eskalasiya ilə nəticələnəcəyi maraq doğurur.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, münaqişə hələlik sadəcə qeyri-aktiv mərhələyə keçib və hazırda hər iki tərəf ciddi hazırlıqlar görür:
“Bir tərəfdən hərbi resursların gücləndirilməsi istiqamətində böyük işlər aparılır. “George Bush” təyyarədaşıyan gəmisi artıq region sularına çatmaq üzrədir. Onu müşayiət edən üç esmines isə “Tomahawk” raketləri ilə təchiz olunub. Bundan əlavə, bölgəyə 10 minə yaxın piyada qoşun göndərilir. Eyni zamanda, Körfəz ölkələri boyunca yerləşdirilən hava və raketdən müdafiə sistemləri yenilənir. Əvvəllər bu sahədə olan çatışmazlıqlar İran raketlərinin Körfəz ölkələrini asanlıqla hədəf almasına şərait yaradırdı. ABŞ-nin bu qısamüddətli atəşkəsə ehtiyacı var idi ki, hərbi potensialını bərpa etsin. Bunu bir növ "nəfəs dərpmə" və güc toplama mərhələsi kimi dəyərləndirmək olar. Digər tərəfdən, ABŞ-nin strategiyasında dəyişiklik müşahidə edilir. Artıq genişmiqyaslı hərbi əməliyyatlar əvəzinə iqtisadi təzyiq və "boğma" siyasətinə üstünlük verilir. İran isə danışıqlar masasında əlini gücləndirmək üçün Hörmüz boğazını bağlamaqla hədələyir. Bu isə qlobal iqtisadi böhran riski yaradır və dünya bazarında neftin qiymətini sürətlə artırır”.

Ekspert əlavə edib ki, yaranmış vəziyyət həm Avropa Birliyi, həm də digər dövlətlər üçün yanacaq təchizatı zəncirində ciddi problemlər yaradıb:
“Hətta ABŞ-nin daxilində də yanacaq qiymətləri artıb. Lakin ABŞ-nin tətbiq etdiyi dəniz blokadası İranın Hörmüz boğazı ilə bağlı təzyiqini qismən neytrallaşdırıb. Çünki boğazın bağlanması təkcə digər ölkələrə deyil, İranın öz iqtisadiyyatına da ağır zərbə vurur. Blokada səbəbindən İran limanlarına gəmilərin girişi çətinləşib və ölkənin əsas gəliri olan neft ixracı faktiki olaraq dayanıb. Donald Trampın dediyi kimi, İran gündəlik təxminən 500 milyon dollar gəlir gətirən neft satışından məhrum olub. Bu maliyyə çatışmazlığı fonunda İranın nə qədər müqavimət göstərə biləcəyi sual altındadır. Artıq müxtəlif sahələrdə çalışanların maaşlarının ödənilməsində problemlər yarandığı deyilir. ABŞ bu vəziyyəti yaxşı anlayır və böyük hərbi itkilər vermədən prosesi zamana buraxaraq İranı iqtisadi cəhətdən sıxışdırır. Bu yanaşma həm də İran daxilində sosial narazılığı və etirazları alovlandıra bilər. Eyni zamanda, ABŞ istənilən an vəziyyətə hərbi müdaxilə etmək imkanını da qoruyur. Rejimi dəstəkləyən kütlənin azlığı və cəmiyyətin əsas hissəsinin narazı olması Tehranın hərəkət imkanlarını məhdudlaşdırır”.
N.Miri vurğulayıb ki, yaranan narazılıqlar daha geniş etirazlara yol aça bilər:
“Buna görə də İran üçün ən real çıxış yolu danışıqlara getmək və kompromis tapmaqdır. Hətta nüvə sazişi imzalansa belə, sistemli islahatlar aparılmasa, problemlər qalacaq. Əgər İran həqiqətən nüvə silahı istəmədiyini sübut etmək niyyətindədirsə, zənginləşdirilmiş uranın bir hissəsini təhvil verməklə iqtisadi güzəştlər və dondurulmuş vəsaitlərini geri ala bilər. Lakin ölkə daxilində qərarvermə mexanizminin parçalanmış olması, hakimiyyətin əsas gücünün hərbi strukturların əlində cəmləşməsi siyasi qərarların verilməsini çətinləşdirir. Gərginlik davam edir və zaman keçdikcə iqtisadi təzyiqlərin nəticələri daha aydın görünəcək. İranın neft istehsalı davam etsə də, satış imkanlarının olmaması anbarların dolmasına və yaxın gələcəkdə istehsalın tam dayanmasına səbəb ola bilər. Hazırda tərəflər arasında daha çox ritorik qarşıdurma olsa da, bu, real iqtisadi problemləri həll etmir. Yaxın dövrdə hadisələrin necə inkişaf edəcəyi tərəflərin atacağı konkret addımlardan asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az
