Avstriyada məktəbli qızlara hicab qadağan olundu

Avstriyada yeni tədris ili 14 yaşına çatmamış qız şagirdlərə hicab taxmağın qadağan edilməsi ilə başlayıb.
Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən, 14 yaşdan kiçik qız şagirdlərin həm dövlət, həm də özəl məktəblərdə hicab taxmasına icazə verilməyəcək. Hökumət bu addımı uşaqların müdafiəsi və gender bərabərliyinin təmin olunması ilə əsaslandırıb.
Avstriyanın inteqrasiya naziri Klaudiya Bauer hicabı “təzyiq simvolu” və qız uşaqlarına erkən yaşlardan nəzarət vasitəsi kimi qiymətləndirib. Üçpartiyalı koalisiya hökuməti də yeni qaydanı gender bərabərliyinə sadiqliyin göstəricisi kimi təqdim edib. Lakin ölkədə bu qərara qarşı ciddi etirazlar var.
Qeyd edək ki, Avstriya Konstitusiya Məhkəməsi 2020-ci ildə ibtidai məktəblərdə tətbiq olunan oxşar hicab qadağasını dövlətin dini məsələlərdə neytrallığı prinsipinə zidd hesab edərək ləğv edib. Qadağanın icrasına məktəblərin müəllimləri nəzarət edəcək. Qayda pozuntusu davam edərsə, məsələ uşaq xidmətlərinə bildirilə bilər. Həmçinin valideynlər üçün 800 avroyadək cərimə nəzərdə tutulub.
Bəsti Rəfizadə






