Logo

Azərbaycanda əhali sürətlə yaşlana bilər - Ekspertdən xəbərdarlıq

Azərbaycanda əhali sürətlə yaşlana bilər - Ekspertdən xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illərdə ailə modelində baş verən dəyişikliklər, şəxsi karyera və maddi rifahın ön plana keçməsi bəzi cütlüklərin övlad sahibi olmaq qərarını təxirə salmasına səbəb olur. Ailə quranların bir qismi əvvəlcə iqtisadi sabitliyə nail olmağa, şəxsi hədəflərini reallaşdırmağa üstünlük verir. Bu tendensiyanın genişlənməsi isə gələcəkdə doğum səviyyəsinə və ölkənin demoqrafik vəziyyətinə təsirləri ilə bağlı suallar yaradır.

Bəs ailələrin övlad sahibi olmağa tələsməməsinin arxasında hansı sosial və iqtisadi amillər dayanır? Bu yanaşma Azərbaycanda demoqrafik böhran riskini artıra bilərmi?

Sosioloq Naib Niftəliyev Sfera.az-a açıqlama verərkən bildirib ki, müasir dövrdə ailə dəyərləri müəyyən transformasiyaya uğrayır və ənənəvi ailə modellərinin dəyişməsi qaçılmaz proseslərdən birinə çevrilir.

Onun sözlərinə görə, insanların şəxsi həyat, karyera və gələcək planlarına üstünlük verməsi övlad sahibi olmaq qərarının təxirə salınmasında mühüm rol oynayır. Heç kimin ailə qurmaq və ya uşaq sahibi olmaq qərarına görə mühakimə edilməməli olduğunu deyən sosioloq bu mövzuda şəxsi həyata müdaxilə edən sualların yersiz olduğunu vurğulayıb.

Azərbaycanda əhali sürətlə yaşlana bilər - Ekspertdən xəbərdarlıq

Eyni zamanda, ekspert hesab edir ki, çoxuşaqlı ailə modelinin qorunması həm nəsillərin davamlılığı, həm də sağlam ailə münasibətlərinin formalaşması baxımından əhəmiyyətlidir. O bildirib ki, insanların daha çox övlad sahibi olmaq istəyinə iqtisadi vəziyyət, sosial təminat və gələcəyə dair gözləntilər birbaşa təsir göstərir:

“Maddi çətinliklər, işsizlik, davamlı gəlir əldə etmək problemi və karyera hədəfləri ailələrin uşaq sahibi olmaq qərarını gecikdirməsinin əsas səbəblərindəndir. Eyni zamanda, müasir informasiya mühitinin yaratdığı psixoloji gərginlik və insanların övladlarının gələcəyi ilə bağlı gözləntilərinin artması da bu prosesə təsir edir”.

Sosioloqun fikrincə, əgər daha çox qazanc və rahat həyat naminə övlad sahibi olmaqdan imtina geniş yayılmış sosial tendensiyaya çevrilərsə, bu, gələcəkdə demoqrafik problemləri dərinləşdirə bilər. O, ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulamaqla yanaşı, övlad sahibi olmaq qərarına təsir edən sosial və iqtisadi səbəblərin də ciddi şəkildə araşdırılmalı olduğunu bildirib:

“Belə ki, doğum səviyyəsinin aşağı düşməsi əhalinin yaşlanmasını sürətləndirir, əmək qabiliyyətli insanların sayının azalmasına və yaşlı əhalinin ümumi əhali içərisində payının artmasına gətirib çıxarır. Nəticədə pensiya sistemi, əmək bazarı və sosial təminat sahəsində əlavə çətinliklər yarana bilər.

Demoqrafik böhran isə yalnız əhalinin sayının azalması demək deyil. Bu proses həm də nəsillər arasında tarazlığın pozulması, ailə institutunun zəifləməsi və gələcəkdə iqtisadi inkişaf üçün insan resurslarının azalması ilə müşayiət oluna bilər. Bununla belə, problemin qarşısını almaq üçün gəncləri övlad sahibi olmağa çağırmaqdan daha çox, onların ailə qurmasına və uşaq böyütməsinə mane olan iqtisadi və sosial problemləri aradan qaldırmaq vacibdir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR