İsti havalarda edilən bu səhv gün boyu sizi halsız edə bilər

Havanın temperaturunun yüksəlməsi ilə orqanizmin maye və mineral ehtiyacı da artır. Bu dövrdə yanlış qidalanma vərdişləri halsızlıqdan baş ağrısına, həzm problemlərindən yuxu pozğunluğuna qədər bir sıra narahatlıqlara səbəb ola bilər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dietoloq Neslihan Öztürk Aktepe isti havalarda özünü daha enerjili və gümrah hiss etmək üçün diqqət edilməli məqamları açıqlayıb. Mütəxəssisin sözlərinə görə, yay aylarında yalnız geyim deyil, qidalanma vərdişləri də dəyişdirilməlidir.
Temperaturun artması maddələr mübadiləsinə təsir edir, iştahanı azalda və tərləmə yolu ilə maye və mineral itkisini artıra bilər. Buna baxmayaraq, qış aylarındakı qidalanma vərdişlərini davam etdirmək halsızlıq, baş ağrısı, həzm problemləri və gün ərzində davam edən yorğunluqla nəticələnə bilər.
İsti havalarda daha rahat və enerjili olmaq üçün dietoloqun tövsiyə etdiyi qaydalara əməl etmək şərtdir:
Günə su ilə başlayın, gün ərzində davam etdirin
Səhər yuxudan oyandıqdan sonra içilən bir stəkan su gecə ərzində itirilən mayenin bərpasına kömək edir. Gün ərzində isə suyu birdəfəyə çox içmək əvəzinə, az-az və müntəzəm qəbul etmək tövsiyə olunur.
Soyuq olan hər içki faydalı deyil
Buzlu qəhvələr, qazlı və aromatlaşdırılmış içkilər qısa müddətlik sərinlik hissi yaratsa da sağlam seçim hesab olunmur. Xüsusilə şəkərli içkilərin həddindən artıq qəbulu məsləhət görülmür.
Ayran və mineral su yaxşı seçimdir
Tərləmə nəticəsində itirilən bəzi mineralların əvəzlənməsində ayran və mineral su faydalı ola bilər. Xüsusilə isti günlərdə bu içkilər maye qəbulunu dəstəkləyə bilər.
Qızartmalardan uzaq durun
Yay aylarında yağlı və qızardılmış yeməklər mədəyə ağır gələ bilər. Daha yüngül qidaların seçilməsi həzmi rahatlaşdırmağa kömək edir.
Qril, soba və buğda bişirmə üsullarına üstünlük verin
Yeməklərin hazırlanma üsulu onların nə qədər ağır olmasına təsir edir. Qızartma əvəzinə qril, soba və buğda bişirmə üsullarından istifadə etmək daha yüngül seçimdir.
Ət yeməklərini axşam saatlarına saxlamaq olar
Günün ən isti saatlarında ağır yeməklər həzmi çətinləşdirə bilər. Buna görə ət kimi daha ağır qidaları günün nisbətən sərin saatlarında qəbul etmək tövsiyə olunur.
Süfrənizdən qatığı əskik etməyin
Qatıq yay aylarında üstünlük verilə biləcək qidalardan biridir. Həm sərinləşdirici seçimdir, həm də qidalanmada zülal mənbəyi kimi istifadə oluna bilər.
Porsiyaları kiçildin
Böyük porsiyalar əvəzinə daha kiçik və balanslı porsiyalara üstünlük vermək isti havalarda mədənin yüklənməsinin qarşısını almağa kömək edə bilər.
Gün ərzində ac qalıb axşam çox yeməyin
Gün ərzində az qidalanıb axşam saatlarında həddindən artıq yemək yay aylarında yol verilən səhvlərdən biridir. Gün ərzində qidalanmanı balanslı şəkildə bölmək daha məqsədəuyğundur.
Salatı əsas yeməyə çevirə bilərsiniz
Tərkibində tərəvəzlərlə yanaşı zülal, sağlam yağlar və lif olan düzgün hazırlanmış salat yüngül və balanslı bir əsas yemək ola bilər.
Mənsumə






