Elektron attestat QALMAQALI

Xaricdə oxumaq istəyənlər niyə sənədsiz qalır?
Məktəb attestatlarının elektron formada təqdim edilməsi bir sıra problemlərə səbəb olub. Belə ki, yeni sistemlə bağlı narazılıqlar sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Şikayət edənlərdən biri müğənni Murad Arifdir. O, elektron formada təqdim edilən attestatların bəzi qurumlar tərəfindən qəbul edilmədiyini və sənədə apostil verilməsi ilə bağlı problemlərin yarandığını bildirib. Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib:“Hörmətli Elm və Təhsil Nazirliyi, yardımınıza ehtiyacımız var. Məktəb attestatı artıq köhnə üsulla təqdim edilmir. Yeni qaydaya əsasən sənəd elektron formada, PDF şəklində verilir.Lakin bu elektron sənədi heç bir qurum qəbul edib apostil etmir. Uşaq xaricdə təhsil almalıdır, sənədlərin qeydiyyatı üçün isə vaxt gedir. Bu səbəbdən həm vaxt, həm də əsəb itiririk. Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”.
Bəs elektron attestat hüquqi baxımdan tam qüvvədədirsə, niyə onun xaricdə təhsil üçün təqdimatı və apostillə təsdiqi zamanı problemlər yaranır? Yeni sistemin xarici ölkələrin sənəd qəbulu prosedurları ilə uyğunlaşdırılmasında hansı boşluqlar var?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, burada əsas problem Azərbaycanın rəqəmsallaşma prosesi ilə beynəlxalq sənəd dövriyyəsi mexanizmləri arasında yaranan uyğunsuzluqla bağlıdır: "Azərbaycanda təhsil sənədlərinin, o cümlədən məktəb attestatlarının tam rəqəmsal formata keçirilməsi ümumilikdə mütərəqqi və ciddi bir addım olsa da, beynəlxalq tanınma və transmilli sənəd dövriyyəsi çərçivəsində rəqəmsallaşmanın sürəti ilə qlobal konvensiyaların mövcud mexanizmləri arasındakı asinxronluqdan qaynaqlanan bir sıra ziddiyyətlər yaranıb. Bu ziddiyyətlər həm institusional, həm hüquqi, həm də texniki xarakter daşıyır.
Ümumilikdə təhsil sənədlərinin elektron sənəd dövriyyəsinə daxil edilməsi, yəni rəqəmsal formada vahid sistemə inteqrasiya olunması ilə bağlı yeniliyə keçid bir neçə il bundan əvvəl gündəmə gəlmişdi. Nəinki attestatların, hətta diplomların, şəhadətnamələrin və digər təhsillə bağlı sənədlərin vahid elektron bazaya yerləşdirilməsi, mən düşünürəm ki, müsbət addımdır. Ümumilikdə ölkəmizin daxili hüquq sistemi baxımından elektron sənədlərin, o cümlədən təhsil sənədlərinin hüquqi statusu tamamilə legitimdir. Yəni burada “Elektron imza və elektron sənəd haqqında” Qanunun müvafiq müddəasına əsasən, səlahiyyətli şəxsin elektron imzası ilə təsdiqlənmiş və elektron sənəd dövriyyəsi sistemləri üzərindən generasiya olunmuş rəqəmsal sənəd kağız daşıyıcıda olan ənənəvi sənədlərlə tam eyni hüquqi qüvvəyə malikdir. Ölkə daxilində belə sənədlərin hüquqi etibarlılığının şübhə altına alınması hüquqi baxımdan əsassızdır".
İlqar Orucov vurğulayıb ki, əsas problem elektron attestatların xaricdə tanınması və apostilləşdirilməsi zamanı meydana çıxır: "Lakin daxili normativ bazanın mükəmməlliyinə rəğmən, xaricdə təhsil almaq istəyən məzunların sənəd qəbulu prosesində, xüsusilə sənədlərin beynəlxalq səviyyədə leqallaşdırılması, yəni apostilləşdirilməsi mərhələsində müəyyən çətinliklər meydana çıxır. Bu çətinliklər isə bilavasitə Haaqa Konvensiyasının klassik fəlsəfəsindən irəli gəlir.
Klassik apostil proseduru rəsmi sənədi imzalamış vəzifəli şəxsin imzasının, həmçinin yaş möhürün, yəni fiziki mürəkkəb möhürünün həqiqiliyinin birbaşa fiziki formada, kağız daşıyıcı üzərində şəhadətləndirilməsi mexanizminə əsaslanır. Yəni ümumilikdə mexanizm bu cürdür. Elektron attestat myGov və ya müvafiq dövlət platformalarından PDF formatında yüklənərək kağızda çap edildikdə onun üzərindəki rəqəmsal imza öz texnoloji funksiyasını itirərək sadəcə vizual qrafik təsvirə çevrilir. Bu isə Ədliyyə Nazirliyi və digər səlahiyyətli apostil orqanlarının həmin sənədi ilkin mənbə kimi birbaşa fiziki apostil ştampı ilə təsdiqləməsini hüquqi və texniki baxımdan mümkünsüz edir".
Mütəxəssis əlavə edib ki, bir sıra xarici ölkələrdə və təhsil müəssisələrində hələ də kağız daşıyıcıda olan sənədlərə üstünlük verilir: "Buna əlavə olaraq, bir çox xarici ölkələrin təhsil müəssisələri kifayət qədər mühafizəkar olaraq qalır və dövlət strukturları hələ də yaş möhürlü, imzalı və orijinal kağız daşıyıcıda olan sənədlər tələb edirlər. Azərbaycanın daxili dövlət portallarının, məsələn, edu.gov.az reyestrinin beynəlxalq sistemlərə birbaşa inteqrasiya olunmaması səbəbindən həmin qurumlar QR-kod vasitəsilə yoxlama üsulunu tam legitim və kifayət qədər etibarlı mexanizm kimi qəbul etməkdə çətinlik çəkirlər. Hazırda keçid dövründə bu problemin aradan qaldırılması və elektron attestatın apostillə təsdiqlənməsi üçün hüquqi-notarial təsdiq mexanizmindən istifadə edilir. Vətəndaş elektron sənədin kağız nüsxəsini notariusa təqdim edir. Notarius dövlət informasiya sistemlərinə onlayn giriş imkanı vasitəsilə sənədin elektron əslini reyestrdən yoxlayır, onun kağız nüsxəsi ilə eyniliyini təsdiqləyərək surətini notarial qaydada rəsmiləşdirir. Yalnız bundan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və ya səlahiyyətli regional orqanlar həmin notarial sənədə apostil verir.
Bu zaman dövlət orqanı attestatı hazırlayan və ya imzalayan şəxsin imza və möhürünün deyil, birbaşa notariusun imza və möhürünün həqiqiliyini təsdiq etmiş olur".

İlqar Orucov hesab edir ki, problemin fundamental şəkildə həlli, vaxt itkisinin qarşısının alınması və məzunların hüquqlarının qorunması üçün hibrid mexanizmlər tətbiq edilməli və rəqəmsal eynilik təmin olunmalıdır:
"Struktur baxımdan, eyni zamanda qlobal miqyasda bu problemin fundamental şəkildə həll olunması, vaxt itkisinin qarşısının alınması və məzunların hüquqlarının qorunması üçün yeganə effektiv çıxış yolu hibrid mexanizmlərin və rəqəmsal eyniliyin təmin edilməsidir. Birinci mərhələdə xaricdə sənəd təqdim edən məzunların xüsusi onlayn müraciətləri əsasında onlara Elm və Təhsil Nazirliyi tərəfindən yaş möhürlü və fiziki imzalı ənənəvi sənədlərin verilməsi mexanizmi müvəqqəti olaraq aktiv saxlanılmalıdır. İkinci mərhələdə isə dövlət tərəfindən Haaqa Konvensiyasının rəqəmsal seqmenti olan e-Apostil infrastrukturunun tətbiqi tam sürətləndirilməli və myGov mühitində, həmin platforma üzərindən birbaşa rəqəmsal apostil sertifikatının generasiyası təmin edilməlidir".






