Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - cinayət işi açıldı

Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Sfera.az bildirir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Belə ki, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra işin daha ətraflı araşdırılmasına zərurətin olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar çıxarılıb.
Xatırladaq ki, bu ilin aprelində Adil Rzayevin atası Ərəstun Rzayev saytımıza müraciət edərək övladının həkim səhlənkarlığının qurbanı olmasını bildirmişdi. O, oğlunun Respublika Diaqnostika Mərkəzində həkim-cərrah İlqar İsmayılov tərəfindən əməliyyat edildiyini, lakin əməliyyatın düzgün icra edilmədiyini bildirmiş və həkimin məsuliyyətə cəlb edilməsini tələb etmişdi./qafqazinfo






