Logo

“Şuşa Azərbaycansız, Azərbaycan Şuşasız mümkün deyil” - Deputat

“Şuşa Azərbaycansız, Azərbaycan Şuşasız mümkün deyil” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin noyabrın 8-i Şuşanın işğaldan azad olunmasının 6-cı ildönümüdür. 2020-ci ildə qazanılan tarixi qələbənin rəmzinə çevrilən Şuşanın azadlığı xalqımız üçün böyük qürur və fəxarət mənbəyidir. Altı il keçməsinə baxmayaraq, həmin tarixi günün sevinci və qüruru bu gün də öz əhəmiyyətini qoruyur.

Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri kimi tarixə düşüb. Bu tarixi hadisə Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə kimi deyil, həm də milli birlik, əzm və iradənin təntənəsi kimi yaşayır. Şuşanın azadlığı uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərini reallığa çevirən mühüm dönüş nöqtəsi olub.

Əslən Şuşadan olan, deputat Tural Gəncəliyev Sfera.az-a açıqlamasında şəhərlə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, Şuşa Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş etmiş bir şəhərdir:

“Şuşa Azərbaycanın tarixində, mədəniyyətində, incəsənətində və xalqımızın mənəvi həyatında mühüm yer tutan, Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş etmiş bir şəhərdir. Mən çox xoşbəxtəm ki, 12 yaşınadək Şuşada yaşamışam. 1980-ci ildə Xankəndidə anadan olsam da, uşaqlığımın böyük bir hissəsi məhz bu gözəl şəhərdə keçib. İşğala qədər Şuşada yaşamışam və bu şəhərlə bağlı unudulmaz xatirələrim var. Şuşa həqiqətən də hər bir azərbaycanlının, xüsusilə orada doğulub boya-başa çatan insanların şəxsiyyətinin, dünyagörüşünün və təfəkkürünün formalaşmasında mühüm rol oynayan şəhərdir. Məlumdur ki, Şuşa Azərbaycana onlarla, yüzlərlə mütəfəkkir, mədəniyyət xadimi, bəstəkar, şair və incəsənət nümayəndəsi bəxş edib. Bu fakt kiçik bir əraziyə malik olan Şuşanın Azərbaycan tarixində və mədəniyyətində nə qədər böyük əhəmiyyət daşıdığını göstərir”.

“Şuşa Azərbaycansız, Azərbaycan Şuşasız mümkün deyil” - Deputat

Parlamentari qeyd edib ki, Şuşanın insan üçün xüsusi sentimental dəyəri mövcuddur:

“Şuşanın sanki müqəddəs bir torpağı, xüsusi mənəvi atmosferi var. Orada yaşamaq və böyümək şərəfinə nail olmuş bir şəxs kimi deyə bilərəm ki, Şuşanın insan üçün xüsusi sentimental dəyəri mövcuddur. Bu müqəddəs məkanın mənəvi mühiti insanın şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərir. Ermənistan Azərbaycana qarşı təcavüzə başlayarkən əsas hədəflərindən biri məhz Şuşanın işğalı idi. Çünki Şuşa hər zaman dağların qoynunda yerləşən, əlçatmaz şəhər kimi bütün Qarabağ üzərində ucalan möhtəşəm və əfsanəvi bir ərazi olub. Şuşadan Qarabağa və ətraf ərazilərə möhtəşəm mənzərə açılır. Şuşaya sahib olan, onu nəzarətdə saxlayan tərəf, təbii ki, bütün regiona, Qarabağa və Kiçik Qafqaz dağlarının əhatə etdiyi strateji ərazilərə nəzarət etmək baxımından mühüm üstünlük qazanır”.

Deputat Şuşanı bundan sonra göz bəbəyi kimi qorumağın gələcək nəsillərin qarşısında duran mühüm vəzifə olduğunu vurğulayıb:

“Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi zamanı hakimiyyət uğrunda mübarizə nəticəsində Şuşa şəhərini düşmənə təhvil verənlər, şəhəri tərk edib qaçanlar Azərbaycan xalqına qarşı böyük xəyanət etmişdilər. Həmçinin təsadüfi deyil ki, 2020-ci ildə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən qısa müddət sonra Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu baxımdan Şuşanın tarixi, mədəni, siyasi, hərbi-strateji, həm də sentimental və mənəvi dəyəri mövcuddur. Şuşa Azərbaycan xalqı üçün müqəddəs torpaq kimi müstəsna əhəmiyyət daşıyır. Şuşa tarix boyu müxtəlif qüvvələrin hədəfində olub. Bu şəhər yalnız sonuncu dəfə Ermənistanın işğalına məruz qalmayıb, tarixən də ətraf qüvvələrin maraq dairəsində və hədəfində yer alıb. Ona görə də Şuşanı bundan sonra bir inci, göz bəbəyi kimi qorumaq bütün Azərbaycan xalqının, xüsusilə gələcək nəsillərin qarşısında duran mühüm vəzifə olmalıdır”.

T.Gəncəliyev deyib ki, Şuşa Azərbaycansız, Azərbaycan Şuşasız mümkün deyil:

“Şuşanın Azərbaycan tarixinə, mədəniyyətinə və incəsənətinə verdiyi böyük töhfələr bir daha sübut edir ki, Şuşa Azərbaycansız, Azərbaycan Şuşasız mümkün deyil. Ermənistan da məhz bu amili nəzərə alaraq Şuşanı hədəfə almışdı. Şuşanı işğal etməklə Azərbaycan xalqında ruh düşkünlüyü yaradacağını, insanları bədbinliyə sürükləyəcəyini və nəticədə xalqımızı bu şəhərdən əl çəkməyə məcbur edəcəyini düşünürdü. Artıq Şuşanın işğaldan azad edilməsindən altı il ötür. Bu müddət ərzində şəhər böyük inkişaf yolu keçib. Altı il qısa zaman kəsiyi olsa da, Şuşada çox böyük işlər görülüb. Bu gün Şuşa gözlərimiz önündə yenidən dirçəlir, bərpa olunur və inkişaf edir. Şuşa Azərbaycanın, Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Şəhərin zəngin tarixi, mədəni irsi və geniş turizm potensialı hər kəsi valeh edir”.

Deputat Şuşanın azad olunduğu an yaşadığı duyğuların sözlə ifadə etməyin çətin olduğunu bildirib:

“Şuşanın işğaldan azad olunduğu günü də çox yaxşı xatırlayıram. Cənab Prezidentin televiziya vasitəsilə Şuşanın azad edildiyini bəyan etməsi hər birimizdə böyük sevinc, qürur və fərəh hissi yaratmışdı. Həmin an yaşadığımız duyğuları sözlə ifadə etmək çətindir. Şuşanın azad edilməsindən sonra artıq əmin idik ki, düşmən məğlubiyyətə uğrayıb və kapitulyasiya qaçılmazdırŞuşada daim Azərbaycan bayrağı dalğalanacaq. Bu şəhər əbədi olaraq Azərbaycan xalqının göz bəbəyi, düşmənlərimizin isə göz dağı kimi əzəmətli qayalar üzərində vüqarla dayanmağa davam edəcək”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR