Yaqub Eyyubovun vaxtı çatdı: Təqaüdə göndərilir
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov son vaxtlar gözə dəymir. O, nə rəsmi tədbirlərdə görünür, nə də Azərbaycana işgüzar səfər edən xarici vəzifəli şəxslərin qarşılanması və yola salınmasında iştirak edir.
Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasına rəsmi və işgüzar səfər edən xarici dövlət başçıları və ali vəzifəli digər qonaqların qarşılanmasında, yola salınmasında Baş nazirin birinci müavini Yaqub Eyyubovu görməyə adət etmişik. Amma o, son günlər ali qonaqlarla yanaşı deyil.
Müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınma mərasimində iştirak edib.
Oktyabr ayında Bakı şəhəri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ev sahibliyi edərkən də Yaqub Eyyubov diqqət çəkməyib. Oktyabrın 15-də başlayan AQEM-in VII Zirvə Görüşündə iştirak etmək üçün bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri Azərbaycana gəlib. Maraqlıdır ki, həmin vaxt Yaqub Eyyubov sammitə gələn yüksək vəzifəli qonaqların heç birinin aeroportdakı qarşılanmasında iştirak etməyib.
Məsələn, İsrail Dövlətinin Prezidenti İshak Hersoqu Baş nazirin müavini Samir Şərifov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Baş nazirin digər müavini Şahin Mustafayev qarşılayıb. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan prezidentlərinin qarşılanma mərasimində də Yaqub Eyyubov iştirak etməyib.
Doğrudur, Dövlət Protokolunun Əsas Qaydalarına görə, Azərbaycana rəsmi, işgüzar, yolüstü və qeyri-rəsmi səfər edən ali qonaqları Baş nazirin müavinləri, xarici işlər naziri və digər vəzifəli şəxslər də qarşılaya, yola sala bilər. Amma əvvəllər bu mərasimlərdə bir qayda olaraq Yaqub müəllim diqqət çəkdiyindən, son günlərdə onun yoxa çıxması bəzi suallar doğurub.
Yeri gəlmişkən, noyabrın 4-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası, Belarus, Özbəkistan, Qırğızıstandan olan nazir və nazir müavinlərilə görüşüb. Bu görüşdə Baş naziri onun yeni mavini Teymur Musayev müşayiət edib, Yaqub Eyyubov yenə görünməyib.
Modern.az saytının əldə etdiyi məlumata görə, Baş nazirin birinci müavini Yaqub Eyyubov hazırda məzuniyyətdədir. Onun son vaxtlar rəsmi tədbirlərdə görünməməsi də bununla əlaqələndirilir.
Yaqub Eyyubovun məzuniyyətinin dekabrda bitəcəyi bildirilir. Lakin Yaqub müəllim məzuniyyətdən sonra işə çıxmaya da bilər. Belə ki, məlumatlı mənbənin bildirdiyinə görə, Baş nazirin birinci müavininin gələn ay təqaüdə göndəriləcəyi gözlənilir.
Qeyd olunur ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra onun vəzifəsinə hazırda Baş nazirin müavini postunu tutan Samir Şərifov gətirilə bilər.
Elə keçmiş səhiyyə naziri Teymur Musayevin bir neçə gün öncə Baş nazirin müavini təyin edilməsi də bu məsələ ilə əlaqələndirilir. Bildirilir ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra Baş nazirin müavinlərini əvvəlki sayda (üç nəfər) saxlamaq üçün Teymur Musayevə Nazirlər Kabinətində yüksək vəzifə verilib.
Arayış: Yaqub Eyyubov hazırda 81 yaşındadır. O, 24 oktyabr 1945-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb.
1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub.
Yaqub Eyyubov 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
1993-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Yaub Eyyibov “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971) ilə təltif olunub.
22 oktyabr 2025-ci ildə Prezident ilham Əliyevin sərəncamı ilə Yaqub Eyyubova “İstiqlal” ordeni verilib./yenisabah






