Logo

Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır

Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş tarixi Zəfərin, milli birliyin və dövlətçilik iradəsinin təntənəsidir. Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi xalqımızın tarixi ədaləti bərpa etmək əzminin parlaq təcəssümünə çevrildi.

Şuşanın azadlığına aparan yol uzun illərin siyasi, iqtisadi və hərbi hazırlığının nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi. Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu və xalq-ordu birliyi tarixi Zəfər üçün möhkəm zəmin yaratdı.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Şuşaya doğru irəlilədi. Sıldırım qayalardan, keçilməz meşələrdən və çətin relyef şəraitindən keçən igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etdilər. Bu əməliyyat hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi düşdü.

Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında Azərbaycan xalqına çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyini böyük fəxarətlə bəyan etdi: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!”

Şuşanın azad edilməsi ilə 8 Noyabr tariximizə Zəfər Günü kimi daxil oldu. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşada Azərbaycan bayrağını ucaltması isə tarixi qələbənin rəmzinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazilərində tam bərpa edildi.

Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub, şəhər 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib. 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıyır.

Şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Tarixi abidələr, məscidlər, muzeylər və memarlıq nümunələri bərpa olunur, müasir sosial infrastruktur yaradılır. Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və digər tarixi məkanlar yenidən əvvəlki görkəminə qaytarılıb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri istifadəyə verilib, yeni yaşayış kompleksləri inşa olunub.

Şuşanın gələcək inkişafı məqsədilə 2024-cü il oktyabrın 21-də şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Sənəddə tarixi-memarlıq simasının qorunması, müasir infrastrukturun qurulması, yaşayış və sosial xidmət obyektlərinin inkişafı əsas prioritetlər kimi müəyyən edilib.

Doğma yurda qayıdış prosesi də uğurla davam edir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində və Böyük, Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının mühüm göstəricisidir.

Şuşa artıq beynəlxalq siyasi və mədəni tədbirlərin də ünvanına çevrilib. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü şəhərin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.

Prezident İlham Əliyevin mütəmadi olaraq Şuşaya səfərləri, bərpa-quruculuq işləri ilə yerində tanış olması və sakinlərlə görüşləri şəhərin inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu göstərir.

Bu gün Şuşa öz tarixi şöhrətini yenidən qazanır. İşğalın və dağıntıların izlərini daşıyan şəhərdə indi quruculuq, inkişaf və həyatın qayıdışı müşahidə olunur. Şuşanın hər küçəsi, hər daşı xalqımızın tarixi yaddaşını, milli qürurunu və mübarizə əzmini yaşadır.

8 Noyabr – Şuşa Şəhəri Günü yalnız tarixi qələbənin deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzidir. Şuşa azaddır, Azərbaycan xalqı doğma şəhərinə qayıdıb və bu qədim mədəniyyət beşiyi gələcək nəsillər üçün yenidən dirçəldilir.

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Xuraman Kərimova

Abşeron rayonu Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR