Yalan danışmayın - Bu əlamətlər sizi ələ verir

Yalan danışmaq təkcə deyilən sözlərlə deyil, insanın psixoloji vəziyyəti ilə də əlaqələndirilir. Bu zaman yaranan gərginlik istər-istəməz insanın davranışına və ünsiyyət tərzinə də təsir göstərə bilir. Məhz davranışdakı dəyişiklik yalan danışanı ifşa edir.
Sfera.az mövzu ilə bağlı danışan psixoloq Gülnar Orucovanın sözlərinə görə, yalan danışarkən bəzi insanlarda üzün qızarması, nəbzin sürətlənməsi, tərləmə, səs tonunun dəyişməsi, göz bəbəklərinin genişlənməsi və müxtəlif bədən nahiyələrinə tez-tez toxunmaq əlamətləri müşahidə olunur:

"Yalan danışan şəxs uydurduğu hadisəni davam etdirmək üçün düşünməyə məcbur olduğundan nitqində fasilələr yaranır və danışığı əvvəlki qədər rəvan olmaya bilər".
Psixoloq əlavə edib ki, bu reaksiyalar hər kəsdə eyni şəkildə özünü göstərmir, davamlı yalan danışmağa vərdiş etmiş insanlarda bu dəyişikliklər daha az nəzərə çarpa bilər.
Mövzu ilə bağlı saytımıza açıqlama verən digər psixoloq Həsənağa Səlimzadə isə qeyd edib ki, yalan danışmaq insanın sonradan qazandığı idrak bacarığıdır və bu zaman beyin həm həqiqəti gizlətməyə, həm də yeni məlumat yaratmağa çalışdığı üçün əlavə idrak yükü yaranır.

H.Səlimzadə bildirib ki, bəzi insanlarda göz təmasının dəyişməsi, üzə və boyuna toxunmaq, süni təbəssüm, "mən bildiyim qədər", "yəni", "ııı" kimi ifadələrdən daha çox istifadə etmək də müşahidə oluna bilər:
"Sadalanan davranışların heç biri təkbaşına insanın yalan danışdığını sübut etmir. Klinik psixologiyada bu cür halları qiymətləndirərkən yalnız bədən dili deyil, insanın ümumi davranışı, ünsiyyət tərzi və vəziyyətin konteksti birlikdə nəzərə alınır".
Hər iki psixoloq bildirdi ki, yalan danışan hər kəsdə eyni davranış və bədən reaksiyaları müşahidə olunmur.
İradə Elsevər








