Universitetlərdə kadr islahatı: Hansı meyarlara üstünlük verilməlidir?
Azərbaycan universitetlərində idarəetmə heyəti seçilən zaman onların yaşı, idarəçilik təcrübəsi və akademik nüfuzu ilə yanaşı, müasir təhsil sisteminin tələblərinə uyğunluğu da mühüm əhəmiyyət daşıyır. Lakin diqqətçəkən məqamlardan biri ali təhsil müəssisələrinin rəhbər vəzifələrdə əsasən yaşlı nəslin nümayəndələrinin təmsil olunmasıdır.
Bəs gənc, müasir düşüncəli və perspektivli kadrların ali təhsil müəssisələrinin rəhbər heyətinə cəlb edilməsi daha yaxşı imkanlar yarada bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, rəhbər heyətin seçilməsi rektorlardan asılı olur.
O qeyd etdi ki, rəhbər şəxslər universitetlərin təhsil siyasətinə uyğun şəkildə formalaşdırılır. Ekspert hesab edir ki, həmin kadrların seçilməsi zamanı yaş amilindən çox, şəxslərin vəzifəyə uyğunluğu əsas götürülməlidir:
“Yaş özlüyündə nə üstünlük, nə də çatışmazlıqdır. Belə ki, 70 yaşında müasir idarəetmə prinsiplərini, rəqəmsallaşmanı və beynəlxalq əməkdaşlığı yaxşı bilən, universitetin inkişafına töhfə verən rəhbər şəxslər ola bilər, eləcə də 40-45 yaşında köhnə düşüncə ilə işləyən idarəçilər də mövcuddur.
Hazırda universitetlərin qarşısında beynəlxalq reytinqlərdə mövqe qazanmaq, elmi nəticələri artırmaq, tələbə və müəllim mübadiləsini genişləndirmək, məzunların məşğulluğunu təmin etmək, qrant və layihələr cəlb etmək kimi ciddi vəzifələr dayanır. Bütün bunlar isə yüksək enerji, yeniliyə açıqlıq və dəyişikliklərə hazır olmağı tələb edir. Universitet rəhbərliyinin yaşı deyil, onların idarəçiliyində universitetin əldə etdiyi nəticələr əsas götürülməlidir”.

Gənc kadrların potensialına toxunan ekspert bildirib ki, Azərbaycanda perspektivli idarəçilər olsa da, onların imkanlarından sistemli şəkildə istifadə edilmir. Onun fikrincə, prorektor, dekan və kafedra müdiri səviyyəsində gənc kadrlar üçün ehtiyat bazası yaradılmalı, onlara real idarəetmə təcrübəsi qazanmaq imkanı verilməlidir:
“Təcrübəli nəslin bilikləri ilə gənclərin enerjisi və yeni baxışının birləşdirilməsi daha uğurlu nəticələr verər. Bu baxımdan bəzi universitet rəhbərlərinin fəaliyyətini uğursuz hesab edirəm. Mənim fikrimcə, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Universitetində idarəçilik qənaətbəxş deyil.
Müəllim hazırlığının əsas mərkəzlərindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetindən daha ciddi inkişaf, güclü islahatlar və aydın nəticələr gözlənilir. Gəncə Dövlət Universitetinin də regionun əsas ali təhsil müəssisələrindən biri kimi böyük potensiala malikdir, lakin tam reallaşdırılmır”.
O hesab edir ki, universitet rəhbərliyinin fəaliyyəti şəffaf meyarlar və konkret nəticələr əsasında qiymətləndirilməlidir:
"Uğurlu nəticə göstərən rəhbər vəzifəsində qalmalı, gözlənilən inkişafı təmin edə bilməyənlər isə yerini daha güclü kadrlara verməlidir".
İradə Elsevər






