Məleykə Abbaszadə kimdir? – BDU-nun yeni rektorunun DOSYESİ
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin
rektoru təyin edilib.
Sfera.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:
Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. Həmin il Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi işə başlayıb. İki il Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqat aparıb, 1977-ci ildən 1987-ci ilədək isə Bakıda Kibernetika İnstitutunda elmi işçi kimi çalışıb.
1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda informatikanın tədrisi ilə məşğul olan şöbəyə rəhbərlik edib. Bu dövrdə Kiyevdə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb. 1989-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyətə başlayıb. 1990-1994-cü illərdə “İstedad” Assosiasiyası sədrinin birinci müavini olub. 1994-cü ilin avqustunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabrında isə komissiyanın sədri təyin edilib. 2016-cı ilədək bu vəzifədə çalışıb.
Onun iştirakı ilə fənlər üzrə test bankları yaradılıb, sualların seçilməsi və imtahan variantlarının hazırlanması avtomatlaşdırılıb. Abbaszadə həm də “Abituriyent” jurnalının təsisçisi olub. 2016-cı il aprelin 12-də yeni yaradılan Dövlət İmtahan Mərkəzinin sədri, 2024-cü il iyulun 23-də isə Mərkəzin İdarə Heyətinin sədri təyin olunub. Məleykə Abbaszadə 60-a yaxın elmi məqalənin və ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir. 2013-cü ildə təhsilin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqinə görə “Şöhrət”, 2023-cü ildə isə təhsil sahəsində uzunmüddətli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. İki övladı, beş nəvəsi var.
Şahanə Ziyad
Sfera.az






