5 Oktyabr Müəllimlər Günü: Təhsillə bağlı son rəqəmlər

5 Oktyabr Müəllimlər Günü: Təhsillə bağlı son rəqəmlər
Kateqoriya məlum deyil
T

Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllimlər Günü qeyd olunur. 5 oktyabr müəllimlərin əməyinə diqqət çəkilməsi, onların təhsil və cəmiyyətin inkişafındakı rolunun vurğulanması baxımından əlamətdar gündür. Çünki müəllim yalnız şagirdə bilik ötürən deyil, həm də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsas şəxslərdən biridir.

Azərbaycanda minlərlə müəllim bu peşəni davam etdirir. Son illərdə təhsil sahəsində aparılan dəyişikliklər, əməkhaqqı artımları və sertifikatlaşdırma prosesi müəllimlərin fəaliyyətinə birbaşa təsir edib.

Bəs hazırda ölkədə neçə müəllim çalışır, onların orta əməkhaqqı nə qədərdir və son illərdə müəllimlərin sayında hansı dəyişiklik baş verib?

Sfera.az xəbər verir ki, son illərin rəqəmlərinə baxanda müəllimlərin sayında müəyyən azalma görünür.

2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 134 396 müəllim, 2025–2026-cı tədris ilində isə təxminən 129 628 müəllim çalışıb. Bu, təxminən 4 800 nəfərlik və ya 3,5 faizə yaxın azalma deməkdir.

Lakin bu göstəricini ölkədə müəllim peşəsinə marağın azalması kimi qiymətləndirmək düzgün olmaz. Məsələn, 2025-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsinə 65 565 elektron müraciət daxil olub və əsas fənlər üzrə vakant yerlərin tutulması 90 faizdən çox olub. Nazirliyin məlumatına görə, il ərzində MİQ imtahanlarının nəticəsində 10 minə yaxın müəllim işə qəbul edilib.

Müəllimlərin gəlirlərində son illərdə ciddi artım qeydə alınıb. Elm və təhsil naziri Emin Əmrullayevin açıqladığı məlumata görə, 2025–2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat təşkil edib. 2024-cü ildə bu göstərici təxminən 830 manat idi. 2026-cı ilin iyununda isə müəllimlərin əməkhaqqısı ilə bağlı daha yeni göstəricilər açıqlanıb. Hazırda müəllim heyəti üzrə orta aylıq əməkhaqqı 1 000 manatdan yüksəkdir.

Sertifikatlaşdırmada yüksək nəticə göstərərək 35 faiz əlavə alan 30 590 müəllimin orta maaşı 1 300 manat, 10 faiz əlavə alan 60 818 müəllimin orta maaşı isə 1 010 manatdır. Sertifikatlaşdırmada iştirak etməyən və ya ilk cəhddə uğur qazanmayan 23 984 müəllimin orta əməkhaqqı 770 manat təşkil edir.

Bakıda göstərici daha yüksəkdir. 2025–2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin orta aylıq əməkhaqqı 1 109 manat olub.

Müəllimlərin əməkhaqqısının artmasında əsas amillərdən biri sertifikatlaşdırma prosesidir. 2022–2025-ci illərdə 80 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb edilib, ümumilikdə 73 mindən çox təhsilverənin maaşına əlavə edilib. 2025-ci ilin yekunlarına görə isə sertifikatlaşdırmadan keçən müəllimlərin sayı 73 262 nəfər olub.

Hazırda ölkədə 130 minə yaxın müəllim, 1,6 milyondan çox şagird və minlərlə ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, müəllimlərin peşəkar inkişafına da diqqət artırılır. 2025–2026-cı tədris ilində 45 min təhsilverən müxtəlif ixtisasartırma təlimlərinə cəlb edilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR