ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) THE World University Rankings 2027 reytinqində əsas göstəricilər üzrə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet ümumi göstəricisini əvvəlki illə müqayisədə 19,3 faiz artırıb.
Reytinqin Tədris göstəricisi üzrə ADNSU ötən il 1163-cü yerdə olduğu halda, 2027-ci ildə 509-cu pilləyə yüksəlib. Beləliklə, universitet bu göstərici üzrə 654 pillə irəliləyib.
Beynəlxalq perspektiv göstəricisi üzrə də ADNSU-nun mövqeyində nəzərəçarpacaq artım qeydə alınıb. Universitet 1118-ci mövqedən 694-cü mövqeyə yüksələrək 424 pillə irəliləyiş əldə edib.
İstiqamətlər üzrə göstəricilərə nəzər saldıqda da müsbət dinamika müşahidə olunur. Tədris istiqaməti üzrə göstərici 25-dən 35,8-ə yüksəlib. Tədqiqat mühiti göstəricisi 8,1-dən 10,7-yə, Beynəlxalq perspektiv göstəricisi 44,7-dən 58,4-ə, Sənaye ilə əməkdaşlıq göstəricisi isə 19,7-dən 26,9-a yüksəlib.
Eyni zamanda, THE World University Rankings-in əhatə dairəsi də genişlənib. 2026-cı ildə reytinqdə 2191 universitet yer aldığı halda, 2027-ci ildə bu rəqəm 2297-yə çatıb.
Azərbaycanın reytinqdə təmsil olunan universitetlərinin sayı da 4-dən 5-ə yüksəlib.
ADNSU-nun THE World University Rankings 2027-dəki nəticələri universitetin qlobal reytinq mühitində mövqeyini gücləndirdiyini göstərir. Xüsusilə tədris, beynəlxalq perspektiv, tədqiqat mühiti və sənaye ilə əməkdaşlıq istiqamətlərində göstəricilərin yüksəlməsi universitetin müxtəlif fəaliyyət sahələri üzrə inkişaf dinamikasını əks etdirir.







