Magistr diplomunun "dəyəri": Əmək bazarında üstünlük yaradırmı?

Magistr diplomunun "dəyəri": Əmək bazarında üstünlük yaradırmı?
Kateqoriya məlum deyil
T

Son dövrlər Azərbaycanın həm təhsil, həm də iş dünyasında magistraturanı bitirmiş kadrların əmək bazarındakı real çəkisi ciddi müzakirə mövzusuna çevrilib. Ölkədə hər il minlərlə gənc magistr dərəcəsi alsa da, mövcud magistratura proqramlarının əmək bazarının çevik tələblərinə nə dərəcədə cavab verməsi və bu diplomun işəqəbul prosesində real üstünlük yaradıb-yaratmaması barədə müzakirələr səngimir. İşəgötürənlərin akademik dərəcədən çox funksional bacarıqlara önəm verdiyi müasir dövrdə magistr təhsili ciddi bir transformasiya zərurəti ilə üz-üzədir.

Təhsil eksperti İlqar Orucov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda magistraturaya marağın azalması müşahidə edilmir.

Onun məlumatına görə, 2025-ci ildə magistratura imtahanında 26 241 bakalavr iştirak etdiyi halda, 2026-cı ildə bu göstərici 27 859 nəfərə yüksəlib.

Bununla belə, ekspert qeyd edib ki, iştirakçı sayının artması mütləq şəkildə akademik marağın yüksəlməsi demək deyil. O bildirib ki, rəqəmlərin artmasında bakalavr məzunlarının sayının çoxalması və imtahanın iki cəhdlə keçirilməsi də rol oynayır:

"Magistr diplomunun əmək bazarındakı əhəmiyyəti sahələr üzrə dəyişir. Dövlət qulluğu, elm və təhsil sahələrində magistr dərəcəsi əhəmiyyətini qorusa da, özəl sektorda daha çox praktiki təcrübə və peşəkar bacarıqlara üstünlük verilir. Azərbaycan reallığında magistr dərəcəsi birbaşa əməkhaqqı artımına zəmanət vermir".

Ekspert magistratura proqramlarının bir hissəsinin bakalavr təhsilinin təkrarı olduğunu və tədqiqat bacarıqlarının kifayət qədər inkişaf etdirilmədiyini vurğulayıb. Onun fikrincə, magistratura yalnız nəzəri biliklərin dərinləşdirilməsi deyil, həm də elmi-tədqiqat bacarıqlarının formalaşdırıldığı mərhələ olmalıdır:

"İKT, maliyyə və layihə idarəetməsi kimi sahələrdə beynəlxalq sertifikatlar gənclər üçün magistraturaya alternativə çevrilir. Universitetlər əmək bazarının dəyişən tələblərinə uyğunlaşmalı, proqramları yeniləməli və praktiki tədrisi gücləndirməlidirlər".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR