Logo

Büdcədə dəyişiklik: Ümumi təhsil xərcləri niyə azaldılır?

Büdcədə dəyişiklik: Ümumi təhsil xərcləri niyə azaldılır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2027-ci ilin dövlət büdcəsi layihəsində ümumi təhsil xərclərinin azaldılması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində ümumi təhsil xərcləri üçün 2 milyard 414,8 milyon manat nəzərdə tutulduğu halda, 2027-ci il üzrə büdcə layihəsində bu məbləğ 2 milyard 185,4 milyon manatdır. Beləliklə, xərclərin 229,4 milyon manat, yəni təxminən 9,5 faiz azalması gözlənilir.

Bu fərq azalmanın səbəbləri, məktəblərin maliyyələşdirilməsi və qərarın təhsilin keyfiyyətinə mümkün təsirləri ilə bağlı suallar yaradır.

Bəs bu azalmanın səbəbi nədir?

İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, bu rəqəmlərə əsaslanaraq təhsilə dövlət dəstəyinin ümumilikdə azaldığını söyləmək düzgün olmaz.

Onun sözlərinə görə, təhsil sahəsi üzrə ümumi xərclər əksinə, artır:

“Belə ki, 2026-cı ildə təhsil xərcləri 5 milyard 16 milyon manat olduğu halda, 2027-ci il üçün 5 milyard 99 milyon manat nəzərdə tutulur. Bu, təxminən 83 milyon manat artım deməkdir. Ümumi təhsil xərclərindəki azalmanın səbəblərindən biri büdcə təsnifatında dəyişiklik və vəsaitlərin müxtəlif istiqamətlər arasında yenidən bölüşdürülməsi ola bilər. Peşə təhsili və digər təhsil müəssisələri üzrə ayrılan vəsaitlərin strukturunda dəyişikliklər də bu fərqə təsir göstərə bilər”.

Büdcədə dəyişiklik: Ümumi təhsil xərcləri niyə azaldılır?

X.Kərimli qeyd edib ki, hazırda yalnız ümumi rəqəmlər əsasında azalmanın konkret səbəbini müəyyənləşdirmək çətindir. O, mümkün səbəblər sırasında şagird sayının dəyişməsini də istisna etməyib:

“Adambaşına maliyyələşmə mexanizminin tətbiqi də məktəblərin maliyyələşdirilməsinə təsir göstərə bilər. Bu modeldə maliyyələşmə şagird sayından asılı olduğundan, şagird sayı az olan məktəblərdə vəsaitin həcmi dəyişə bilər. Nəticədə bəzi məktəblərin birləşdirilməsi və ya fəaliyyətinin yenidən təşkil edilməsi gündəmə gələ bilər”, - ekspert deyib.

Təhsil eksperti Əmrah Həsənli də mövzu ilə bağlı açıqlamasında ümumi təhsil xərclərinin azalmasını yalnız rəqəmlər əsasında qiymətləndirməyin düzgün olmadığını bildirib. Onun fikrincə, əsas məsələ azalmanın hansı xərc istiqamətləri üzrə baş verməsi və bunun məktəblərin fəaliyyətinə, müəllimlərin əməkhaqlarına, eləcə də şagirdlərin təhsil imkanlarına necə təsir göstərəcəyidir:

“Ümumi təhsil xərcləri azalarkən təhsil sahəsində digər müəssisə və tədbirlər üçün nəzərdə tutulan vəsaitin təxminən 300 milyon manat artırılması da araşdırılmalıdır. Bu dəyişiklik şagird sayının proqnozlaşdırılması, məktəblərin tutumunun və maliyyələşmə ehtiyaclarının yenidən qiymətləndirilməsi, yaxud büdcə vəsaitlərinin müxtəlif istiqamətlər arasında bölüşdürülməsi ilə əlaqəli ola bilər. 2026–2027-ci tədris ilindən dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin mərhələli tətbiqinin nəzərdə tutulması da nəzərə alınmalıdır. Lakin bu amillərin 229,4 milyon manatlıq azalmaya konkret təsirini rəsmi əsaslandırma olmadan dəqiq müəyyənləşdirmək mümkün deyil”.

Büdcədə dəyişiklik: Ümumi təhsil xərcləri niyə azaldılır?

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi azalmanın hansı hesablamalar əsasında müəyyənləşdirildiyini, digər istiqamətlərdə artan vəsaitin hansı ehtiyaclara yönəldiləcəyini cəmiyyətə aydın şəkildə izah etməlidir:

"Çünki büdcə vəsaitinin səmərəli bölüşdürülməsi ilə təhsilin keyfiyyətinin qorunması arasında tarazlıq saxlanılmalıdır. Təhsil büdcəsinə qənaət etmək olar, amma bu qənaət təhsilin keyfiyyəti hesabına olmamalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR