Təhsil bahalaşır: Bir uşağı oxutmaq neçəyə başa gəlir?

Azərbaycanda uşaqların təhsilinə çəkilən xərclər ailə büdcəsində ciddi maliyyə yükü formalaşdırır. Məktəb, repetitor, kurs və əlavə tədris materialları üçün ödənilən vəsait ailələrin xərclərinin əhəmiyyətli hissəsini təşkil edir.
Sfera.az xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda ilkin və orta təhsilin əhəmiyyətli hissəsi ödənişsiz əsaslarla təmin olunsa da, ailələrin təhsil xərcləri sürətlə artır və ailə büdcəsində xüsusi çəkisi yüksəlir.
O bildirib ki, bunun əsas səbəblərindən biri ödənişsiz təşkil olunan orta və ilkin təhsil səviyyələrində, hətta ali təhsil və peşə ixtisasları üzrə təhsilin keyfiyyətinin aşağı olmasıdır.
Onun fikrincə, bunun nəticəsində rəqabətli əmək bazarına uyğun ixtisaslaşmaq və kvalifikasiyaya yiyələnmək üçün insanlar alternativ ödənişli təhsil xidmətlərinə müraciət etməyə məcbur qalırlar:
“Bu proses hətta təhsilin ilkin pillələrindən başlayır. Hazırda hazırlıq mərhələsində, hətta birinci sinfə getməmiş uşaqların belə ödənişli əsaslarla təhsil alması istiqamətində bazar formalaşıb. Orta təhsildə vəziyyət daha acınacaqlıdır. Ali təhsil almaq istəyən şəxslər və övladlarına ali təhsil vermək istəyən valideynlər məcburi şəkildə repetitor xidmətlərinə müraciət edirlər. Burada seçilmiş fəaliyyət sahəsindən, ailənin yaşadığı bölgədən və regiondan asılı olaraq, aylıq repetitor xidmətləri üzrə xərclərin təxminən 200 manatdan 800 manata qədər dəyişdiyini müşahidə edirik”.

Ekspert qeyd edib ki, bu xərclərin təxminən 20-25 faizi qədər, yəni 40-50 manatdan 160-200 manatadək əlavə tədris materialları və digər istiqamətlər üzrə xərclər də ortaya çıxır:
“Dolayısı ilə ümumiləşdirmiş olsaq, bir uşağa çəkilən xərc ay ərzində minimum təxminən 250 manat, daha yuxarı hədd isə 1000 manata qədər çatır. Daha lüks kateqoriyalı təhsil xidmətləri nəzərə alınmadan, regionlarda daha geniş yayılmış göstəricilər əsasında bu qənaətə gəlmək mümkündür. Bahalı xidmətlər də mövcuddur, lakin bunlar kütləvi şəkildə istifadə olunmadığı üçün müqayisəyə daxil edilmir”.
İqtisadçının fikrincə, Azərbaycanda orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və iki uşaqlı ailələrin sayının çox olduğunu nəzərə alsaq, iki uşağın təhsilinə çəkilən xərc regiondan və istifadə olunan təhsil xidmətinin keyfiyyətindən asılı olaraq, 500 manatdan 2000 manatadək dəyişir.
İradə Elsevər






