Bu ixtisasa sahib olanlar iş tapmaqda çətinlik çəkir – AÇIQLAMA

Bu ixtisasa sahib olanlar iş tapmaqda çətinlik çəkir – AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycanda məzunların iş tapmaq problemi son illərin ən çox müzakirə edilən mövzularından biridir. Əmək bazarındakı dəyişikliklər, texnologiyanın sürətli inkişafı, bəzi sahələrə marağın həddindən artıq yüksəlməsi, digərlərində isə geriləmə tendensiyası ixtisaslar üzrə rəqabəti daha da artırıb.

 

Maraqlıdır, hansı ixtisasları bitirən məzunlar iş tapmaqda daha çox çətinlik çəkir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, hazırda iş tapmaqda ən çox çətinlik çəkənlər humanitar və sosial elmlər üzrə təhsil alan məzunlardır.


“İş tapmaqda ən çox çətinlik çəkən ixtisas məzunları humanitar və sosial elmlərdir. Məsələn, filologiya, Azərbaycan dili, ədəbiyyat, tarix, beynəlxalq münasibətlər, fəlsəfə və jurnalistika. Bu sahələrdə vakansiya sayı çox məhduddur, əməkhaqqı isə aşağıdır. Çünki işçi çoxdur, iş yeri azdır. Bu sahələrin böyük qismi yalnız dövlət qurumları və təhsil müəssisələri ilə məhdudlaşır”, – deyə ekspert qeyd edib.


Ekspertə görə, humanitar sahələrdə təhsilin praktik yönü zəifdir:


“Məsələn, jurnalistika fakültələrində praktiki dərslər çox azdır. Halbuki bu sahə ən çox praktika tələb edən ixtisaslardandır. Təcrübəsi olmayan tələbənin iş tapması çətindir. İqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi, mühasibatlıq kimi sahələrdə isə rəqabət yüksəkdir. Şirkətlər təcrübəsiz məzunları işə götürməyə ehtiyat edir. Xüsusilə mühasibatlıqda beynəlxalq standartlar və sertifikatlar tələb olunur”.

 


Mütəxəssis ekologiya, torpaqşünaslıq, coğrafiya kimi ixtisaslarda da iş çatışmazlığının dərin olduğunu bildirib:


“Ekologiya, torpaqşünaslıq, coğrafiya kimi sahələrdə də vakansiya çox azdır. Dövlət sektorunda yerlər məhduddur, özəl sektor isə bu ixtisasları çox az tələb edir. Muzeyşünaslıq, kitabxanaçılıq və bu kimi ixtisaslarda alternativ iş yerləri çox azdır. Gənclər məhdud çərçivədə seçim etməli olurlar. Diplom təkbaşına iş yaratmır. Bacarıq, portfel, təcrübə və sertifikat real iş imkanını formalaşdırır. Xüsusilə humanitar sahələrdən olan məzunlar mütləq bacarıqyönümlü sahələrə keçid etməlidirlər. Məsələn, tərcüməçilik, SEO və kontent yazarlığı, SMM, kontent istehsalı. Bu sahələrin məzunları layihə menecmenti, SMM, bloq fəaliyyəti, kontent yaratma kimi istiqamətlərdə inkişaf etsələr, iş tapmaq şansları xeyli artır. Bu sahələr humanitarlara daha uyğundur və tələbat daha çoxdur. İqtisadiyyat və idarəetmə üzrə məzunlara isə bacarıq və sertifikatlaşdırma daha vacibdir”.


R. Fikrətoğlu deyib ki, diplom almaqla kifayətlənmək lazım deyil, təcrübə proqramlarına qoşulmaq, sertifikat əldə etmək də vacibdir:

 

"Banklar və iri şirkətlər üçün sertifikatlar və təcrübə proqramları əsas göstəricidir. Məzunlar bunlara qoşulmalıdır. Coğrafiya məzunları informasiya sistemləri sahəsində ixtisaslaşsalar çox böyük tələbat var. Ekoloji audit, geologiya, daşınmaz əmlak və enerji sektoru da real alternativdir. Mədəniyyət və incəsənət məzunlarına gəlincə, onlar daha sərbəst istiqamətləri seçməlidirlər. “Youtube”, “TikTok”, “Instagram” üzərindən şəxsi brend qurmaq, online dərslər keçmək daha çox gəlir gətirə bilər. Muzey və kitabxanalarda iş yerləri məhduddur. Bəzi müəllimlik sahələrində də vakansiya yetərincə deyil. Əlavə olaraq STEAM, rəqəmsal bacarıqlar və tədris planlaşdırılması kimi kompetensiyalar olduqda iş imkanları daha geniş olur. Regionlarda maaş bir qədər aşağı olsa da, iş tapmaq daha realdır. Ona görə yalnız Bakıda yox, regionlarda da iş imkanlarına açıq olmaq lazımıdr. Diplom + bacarıq = real iş imkanı. Təkcə ixtisas heç nə həll etmir, amma bacarıq, portfel, praktik təcrübə iş imkanlarını xeyli artırır”.

 

Təhsil eksperti Elmin Nuri isə bildirib ki, hansı ixtisasların əmək bazarında gerilədiyini və hansının yüksəldiyini müəyyən edən əsas mexanizm dövlət sifarişi və bazarın real tələbatıdır:

 

“Məzunların iştapma göstəricilərini müəyyənləşdirən əsas mexanizm əmək bazarının tələbidir. Əmək bazarı dövrün diktəsi ilə, trend və tələb-təklif prinsiplərinə əsaslanaraq ixtisasların mövqeyini müəyyən edir. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında bütün ixtisaslar üzrə dövlət sifarişli plan yerlərinin artıb-azalma intervalı göstərilir. Bu, yaxın 4 ildə hansı ixtisaslara tələbat olacağını da ortaya qoyur”.


E.Nurinin sözlərinə görə, artıq bir neçə ildir ki, İT profilli ixtisaslara ayrılan plan yerləri ən yüksək səviyyədədir və bunun səbəbi aydındır:


“Süni intellekt əsrində İT texnologiyaları bütün sahələri əhatə edir. İş dünyasında əsas tələb də məhz bu sahələrədir. Elə ixtisaslar var ki, artıq əmək bazarı üçün keçərliliyi demək olar ki, yoxdur. Bu zaman ya ixtisas sıradan çıxır, ya da modern tələblərə uyğun fəaliyyət istiqamətini dəyişir. Təəssüf ki, bir qisim ixtisaslarda ikinci seçim mümkün olmur. Bu səbəbdən sənaye profilli və ictimai-humanitar ixtisasların bir qismi deformasiyaya uğrayıb”.

 


Ekspert problemin ikinci səbəbi kimi əmək bazarındakı “tələb xaosu”nu göstərir:


“Məzunların iştapma potensialını zəiflədən ikinci səbəb əmək bazarında yaranan tələb xaosudur. Yəni bəzi sahələrdə tələb birdən-birə artır, digərlərində isə gözlənilmədən azalır. Bu dalğavari dinamika məzunların uyğunlaşmasını çətinləşdirir”.


Beləliklə, ekspertlərin fikirlərinə görə, Azərbaycanda bəzi ixtisaslar üzrə iş tapma çətinliyi həm struktur, həm də iqtisadi səbəblərdən dərinləşir. Bunun qarşısını almaq üçün tələbələr təkcə diplomla kifayətlənməməli, bacarıqlarını artırmalı və əmək bazarının yeni reallıqlarına uyğunlaşmalıdır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR