Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub

Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub
Kateqoriya məlum deyil
T

Elm və təhsil naziri müəllimlərin geyimi ilə bağlı yeni qaydaların tətbiq ediləcəyini açıqlayıb. Artıq bəzi məktəblərdə müəllimlərin vahid geyim formasından istifadəsinə başlanılıb. Cəbrayıl rayonunun Horovlu kənd tam orta məktəbində də müəllimlər vahid geyim formasına keçiblər.

Təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, yeni qaydanın mahiyyəti müəllimlərin məcburi şəkildə eyni geyim formasında olması ilə bağlı deyil.

Onun sözlərinə görə, məsələ müəllimlərin müəyyən geyim standartlarına uyğun geyinməsindən ibarətdir:

“Qanun qəbul olunandan sonra məsələ düzgün anlaşılmadı. Hamı düşündü ki, Azərbaycan müəllimləri vahid geyim formasına keçəcək. Əslində isə belə deyil. Burada müəllimlərin müəyyən standartlara uyğun geyinməsindən söhbət gedir. Azərbaycanda 30-dan artıq məktəb pedaqoji şuraların qərarı ilə, bu məsələ parlament səviyyəsində müzakirə olunmamışdan əvvəl də illərdir vahid formada məktəbə gəlir. Yeni tədris ilində Cəbrayılın Horovlu kənd məktəbi də bu təşəbbüsə qoşulub. Ötən il Şəmkirdə bir neçə məktəb də bu qaydanı tətbiq edib. Bakı şəhərində də pedaqoji şuraların qərarı ilə vahid geyim formasından istifadə edən məktəblər var”.

Ekspert qeyd edib ki, müəllimlər üçün xüsusi və məcburi vahid geyim sistemindən söhbət getmir:

“Müəllimlər müxtəlif geyim tərzlərinə üstünlük verə bilərlər. Əsas tələb geyimin müəllim adına uyğun olması və müəyyən edilmiş standartlara cavab verməsidir”.

M.Məmmədlinin fikrincə, bu yanaşma müəllimlərin cəmiyyətdə fərqləndirilməsi və peşə nüfuzunun qorunması baxımından müsbət nəticə verə bilər:

“Bu qərarın icrası müəllim nüfuzunun artırılmasında müəyyən rol oynaya bilər. Həmçinin müəllimlərin vaxt itkisinin qarşısını ala bilər. Əlavə bəzək-düzəyə ehtiyac olmadan, sadəcə müəllim formasında dərsə gəlmək mümkün olacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR