Bakının tələbə yükü azaldılacaq - Bu proses necə aparılmalıdır?

Bakının tələbə yükü azaldılacaq - Bu proses necə aparılmalıdır?
Kateqoriya məlum deyil
T

Hazırda ali məktəblərə qəbul olan tələbələrin 60-70 faizi Bakı şəhərində oxuyur. Gələcəkdə tədricən regionlarda yerləşən universitetlərdə plan yerlərinin artırılacağı gözlənilir. Bu il Qarabağ Universitetində plan yerləri artırılıb. Regionlarda digər universitetlərin də qəbul imkanlarının genişləndirilməsi ilə Bakının yükünün azaldılması nəzərdə tutulur.

Təhsil eksperti İlham Əhmədov Sfera.az-a açıqlamasında bildirib ki, region universitetlərində

plan yerlərinin artırılmasının təhsilin keyfiyyətinin yüksəldilməsi ilə paralel aparılmalıdır.

Ekspertin sözlərinə görə, Qarabağ Universitetinin nümunəsi regionlarda ali təhsilin inkişafı üçün imkanların olduğunu göstərir:

“Universitetdə müxtəlif istiqamətlər üzrə fakültələr fəaliyyət göstərir, peşəkar yerli və xarici professor-müəllim heyətinin cəlb edilməsi, beynəlxalq əlaqələrin və ikili diplom proqramlarının inkişafı istiqamətində işlər aparılır. İT, tibb və sağlamlıq elmləri, biznes və iqtisadiyyat istiqamətlərinin inkişafı da nəzərdə tutulub. Bir universitetin əlavə 500 və ya 1000 tələbə qəbul etməsi texniki baxımdan mümkün olsa da, bu, həmin tələbələrin keyfiyyətli təhsil alacağına zəmanət vermir. Qəbul planı artırılarkən professor-müəllim heyəti, laboratoriyalar, tədqiqat infrastrukturu, kitabxana, rəqəmsal mühit və akademik idarəetmə imkanları da nəzərə alınmalıdır”.

Onun fikrincə, region universitetləri yalnız tələbə qəbul edən filiallar kimi deyil, yerləşdikləri ərazilərin elm, innovasiya və insan kapitalı mərkəzləri kimi formalaşdırılmalıdır:

“Bunun üçün hər universitetin öz ixtisaslaşma profili müəyyənləşdirilməlidir. Məsələn, bir universitet aqrar texnologiyalar və biotexnologiya, digəri mühəndislik və enerji, başqa biri isə logistika, turizm və rəqəmsal texnologiyalar üzrə inkişaf etdirilə bilər”.

Ekspert deyib ki, belə yanaşma universitetlərlə regional iqtisadiyyat arasında əlaqəni gücləndirə, məzunların həmin ərazilərdə iş tapmaq və qalmaq imkanlarını artıra bilər. Bununla yanaşı, tələbələrin regionlarda təhsil alması onların mütləq həmin ərazilərdə qalacağı anlamına gəlmir. Ekspert dedi ki, məzunlar əmək bazarı, karyera və sosial imkanlardan asılı olaraq yenidən Bakıya və ya xaricə üz tuta bilərlər:

“Əgər dövlətin əsas prioriteti keyfiyyətli insan kapitalı, innovasiya, rəqəmsal transformasiya və regional iqtisadi inkişafdırsa, region universitetlərinin inkişafı da bu məqsədlərə uyğun qurulmalıdır. Xaricdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlət proqramlarının genişləndirilməsi ilə yanaşı, ölkə daxilində də rəqabətqabiliyyətli universitetlərin yaradılması vacibdir”.

Ekspert vurğulayıb ki, Bakıda ali təhsil alanların sayını azaltmaq üçün tələbələri inzibati qərarlarla regionlara yönəltmək deyil, onlara region universitetlərini könüllü seçməyə imkan verən akademik və karyera şəraiti yaratmaq lazımdır:

“Əsas məqsəd qəbul planlarını mexaniki artırmaq yox, əvvəlcə universitetlərin keyfiyyət potensialını yüksəltmək olmalıdır. Ali təhsildə əsas hədəf tələbələrin coğrafi bölgüsü deyil, keyfiyyətin ölkə üzrə ədalətli və strateji şəkildə paylaşılması olmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR