TRIPP-in icrası nə zaman yekunlaşacaq? - AÇIQLAMA
Ermənistanın Sünik vilayətində Azərbaycanı Naxçıvanla birləşdirməsi nəzərdə tutulan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi üzrə ilkin tikinti-hazırlıq işlərinə başlanılıb.
Bununla da uzun müddətdir müzakirə olunan Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması istiqamətində real addım atılıb. Bunu Ermənistan mediası da təsdiq edib.
Məsələn, “Armenpress”in məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan televiziya müraciətində layihənin praktiki mərhələsinin başladığını açıqlayıb. O bildirib ki, Ermənistanın Sünik vilayətində TRIPP-in tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılır.
Paşinyan layihəni Ermənistanın müstəqillik tarixində ən böyük iqtisadi təşəbbüs adlandırıb.
Maraqlıdır, dəhlizin inşası nə zaman başa çatacaq və bu dəhlizin həm Ermənistana, həm də Azərbaycana gətirəcəyi üstünlüklər nələr olacaq?
Bu barədə iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Ermənistan tərəfindən açıqlanan məlumatlardan belə görünür ki, dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq və hazırda həmin ərazidə görülən işlər hazırlıq mərhələsidir:

“Azərbaycanın əsas hissəsini Naxçıvandan ayıran məsafə təxminən 42 kilometrdir. TRIPP layihəsinin reallaşması üçün bu ərazidə ilk növbədə dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub. Yayılan fotolardan belə görünür ki, hazırlıq işləri də məhz keçmiş dəmir yolu xəttində aparılır. Yeri gəlmişkən, qeyd edim ki, 42 kilometrlik məsafənin təxminən yarısı indi ermənilərin Nrnadzor adlandırdığı Nüvədi kəndinin ərazisindən keçir və mən də həmin kəndin sakini olmuşam. 14-15 yaşıma kimi o kənddə yaşamışam və o bölgə barədə kifayət qədər məlumata sahibəm. SSRİ zamanında o ərazidən dəmir yolu xətti keçib, lakin hazırda dəmir yolu xətti və infrastruktur tamamilə dağılmış vəziyyətdədir. Bu səbəbdən dəmir yolu xəttinin bərpasından yox, tamamilə yenidən qurulmasından söhbət gedir. 42 kilometrlik dəmir yolunun çəkilməsi, xüsusilə də dağlıq relyefdə bu işlərin görülməsi müəyyən zaman tələb edir. Üstəlik, dəmir yolu xətti Araz çayının kənarından – İranla sərhəddən keçməlidir”.
Ekspert TRIPP layihəsinin icrasının ABŞ və Ermənistan tərəfindən birgə yaradılan “TRIPP Company” şirkəti vasitəsilə həyata keçiriləcəyini bildirib və layihədə ABŞ tərəfinin 74%, Ermənistanın isə 26% paya malik olacağını qeyd edib:
“İran tərəfi müxtəlif səviyyələrdə bu layihəyə etiraz edir. ABŞ şirkətinin bölgədə iş görməsinə qarşı çıxır. Başqa bir problem isə ABŞ-nin daxili siyasəti ilə bağlıdır. Bildiyimiz kimi, son seçkilərdə Trampın partiyası məğlub olub. Artıq qanunvericilik orqanı Tramp əleyhdarlarının nəzarətinə keçib. ABŞ xarici ölkələrə yatıracağı investisiyalar üçün qanunvericilik orqanının da razılığını almalıdır. Birbaşa Trampın adını daşıyan belə bir layihəyə demokratların necə bir münasibət göstərdiyi də tam şəkildə aydın deyil. Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, dəmir yolu xəttinin tezliklə istifadəyə veriləcəyini gözləmək bir az inandırıcı görünmür. Hətta hesab etsək ki, Ermənistan İranla hansısa formada razılığa gələ bilər və ABŞ layihə üçün investisiyanı vaxtlı-vaxtında təmin edə bilər, o halda yenə də dəmir yolu xəttinin çəkilişi 4-5 il çəkə bilər. Hesab edirəm ki, işlər yolunda getsə, ən yaxşı halda dəmir yolu xətti 2030-31ci illərdən sonra istifadəyə verilə bilər.
O ki qaldı bu yolun istifadəyə verilməsinin Azərbaycan və Ermənistan üçün iqtisadi üstünlüyünə, bu, hər iki ölkə üçün çox böyük iqtisadi fayda gətirəcək. Azərbaycan üçün ən böyük qazanc məsafə və vaxt qənaətidir. Bu gün Naxçıvana yük aparmaq üçün ya İran, ya da Gürcüstan və Türkiyə üzərindən dolanmaq lazımdır. Yeni xətt bu yolu qısaldacaq. Azərbaycan Naxçıvanla birbaşa və fasiləsiz əlaqə quracaq. Bu, Naxçıvanın iqtisadiyyatını canlandıracaq.
Eyni zamanda, Azərbaycan Türkiyə istiqamətində daha qısa və ucuz tranzit marşrut qazanacaq. Bu da, heç şübhəsiz ki, Orta Dəhliz üzrə daşımaları artıracaq. Azərbaycan üçün bu, həm tranzit gəliri, həm də regionda nəqliyyat mərkəzi statusunu gücləndirmək deməkdir. Ermənistan üçün də fayda böyükdür. Bu ölkənin uzun illərdir Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır və iqtisadiyyatı uzun illərdir təcrid olunub. Dəhliz ona yeni bazarlara çıxış imkanı verəcək. Eyni zamanda, tranzit haqları büdcəyə pul gətirəcək. Dəmir yolu açıldıqdan sonra o bölgədə yeni iş yerləri açılacaq, logistika mərkəzləri və xidmət sektoru inkişaf edəcək”.
Bəsti Rəfizadə






