2026-cı ildə Azərbaycanda neçə yeni səfirlik açılıb?
Sabah, noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Estoniyanın Bakıdakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın diplomatik əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. İl ərzində bir neçə ölkə Azərbaycanda daimi diplomatik nümayəndəliyini təsis edib, yeni səfirliklərin açılması ilə bağlı qərarlar qəbul olunub.
Sfera.az 2026-cı ildə yeni səfirliklərin təsis edilməsi və Azərbaycanın diplomatik nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirib.
Estoniya
Estoniya 2026-cı il martın 1-də Azərbaycanda səfirliyini açıb. Sentyabrın 23-də Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirk etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Azərbaycanla Estoniya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub.
Somali
2026-cı ildə Somali də Azərbaycanda daimi diplomatik təmsilçiliyini genişləndirib. Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin ölkəmizə yeni təyin olunmuş ilk rezident səfiri Abdinur Dahir Fidovu qəbul edib. Aprelin 14-də isə səfir etimadnaməsini təqdim edib.
Portuqaliya
Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla portuqaliyalı həmkarı Paulo Rangel arasında telefon danışığı zamanı Portuqaliyanın Azərbaycanda səfirlik açmaq barədə qərar qəbul etdiyi açıqlanıb. Diplomatik nümayəndəlik XİN-in noyabr ayı üzrə diplomatik siyahısına daxil edilib.
Keniya
Noyabr ayında Keniya hökuməti Azərbaycanda səfirlik açmaq barədə qərar qəbul edib. Qərar ölkənin xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin yenidən təşkili çərçivəsində qəbul olunub. Səfirliyin fəaliyyətə başlayacağı dəqiq tarix isə hələ açıqlanmayıb.
Hazırda Azərbaycanda neçə ölkənin səfirliyi fəaliyyət göstərir?
Azərbaycan XİN-in 2026-cı ilin noyabr ayı üzrə diplomatik siyahısında 60 ölkənin rezident səfiri, daha 5 ölkənin isə rezident işlər vəkili qeyd olunub. Bununla yanaşı, başqa ölkələrdə yerləşən, lakin Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklər də mövcuddur. 2026-cı il noyabrın 26-dək Azərbaycanda hər hansı xarici ölkənin səfirliyinin fəaliyyətini tamamilə dayandırması barədə açıq rəsmi məlumat aşkarlanmayıb. Azərbaycanın xaricdə təsis etdiyi yeni səfirliklər 2026-cı ildə Azərbaycan da xaricdə diplomatik nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi istiqamətində addımlar atıb.
İyunun 19-da Prezident İlham Əliyev Azərbaycanın Portuqaliyanın paytaxtı Lissabon şəhərində səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb. Bundan başqa, 2025-ci ildə Azərbaycanın Bəhreyn Krallığında səfirliyinin təsis edilməsi haqqında qanun qəbul olunub.
Diplomatik nümayəndəliyin açılması 2026-cı il üçün nəzərdə tutulub. XİN-in açıqladığı məlumata əsasən, Azərbaycanın xaricdə 93 diplomatik nümayəndəliyi mövcuddur. Bunlardan 70-i səfirlik, 6-sı daimi nümayəndəlik, 9-u baş konsulluq, 7-si səfirlik ofisi, 1-i isə təmsilçilik ofisidir.
2027-ci ildə yeni səfirliklərin açılması gözlənilirmi?
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlərə 528,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bunun 230 milyon manatının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılmasına yönəldilməsi planlaşdırılır. 2027-ci ildə Azərbaycanın konkret hansı ölkələrdə yeni səfirliklər açacağına dair isə hələlik rəsmi məlumat yoxdur.
Şahanə Ziyad
Sfera.az






