Logo

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, dövlətlərin geosiyasi maraqları və mürəkkəb siyasi proseslər diplomatiyanı daim diqqət mərkəzində saxlayır.

Bu sahədə uğur qazanmaq yalnız siyasi prosesləri düzgün qiymətləndirməyi deyil, həm də mürəkkəb vəziyyətlərdə çevik qərarlar verməyi, milli maraqları qorumağı və düzgün diplomatik mövqe nümayiş etdirməyi tələb edir.

Azərbaycanın diplomatiya tarixi isə qədim dövrlərə gedib çıxır. Azərbaycanın müstəqillik illərində keçdiyi diplomatik yol, beynəlxalq arenada qazandığı mövqe və regionda dəyişən siyasi reallıqlar isə bu sahəyə marağı daha da artırıb.

Məhz diplomatiyanın əsasları ilə bağlı sabiq diplomat Fikrət Sadıxov Sfera.az-a geniş və ətraflı müsahibə verib.

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

Həmsöhbətimiz zəngin diplomatik və akademik təcrübəyə malikdir. Müxtəlif illərdə Yəməndə diplomat, Azərbaycan Xarici İşlər Nazirliyində idarə rəisi, AZƏRTAC-da baş direktor vəzifələrində çalışıb. Hazırda Qərbi Kaspi Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

O, sovet dövründə azərbaycanlı diplomatların qarşılaşdığı çətinliklərdən, müstəqil Azərbaycanın diplomatiyasının formalaşmasından, Türkiyə və Rusiya ilə münasibətlərdən, eləcə də beynəlxalq siyasətin pərdəarxası məqamlarından danışıb. Müsahibədə, həmçinin onun diplomatik fəaliyyəti zamanı Yəməndə yaşadığı təhlükəli hadisələr, Ermənistanla sülh prosesi, Paşinyandan sonrakı mümkün siyasi ssenarilər və yaxın 10 ildə Cənubi Qafqazı gözləyən geosiyasi dəyişikliklər barədə fikirləri yer alıb.

Müsahibəni təqdim edirik:

- Siz diplomatik fəaliyyətinizə sovet dövründə başlamısınız. O vaxt xaricdə diplomat olmaq necə idi? Bir diplomat kimi hansı məsələlərdə sərbəst qərar vermək imkanınız var idi, hansı məsələlər isə birbaşa Moskvadan müəyyənləşdirilirdi?

-Biz Azərbaycan diplomatları olaraq orada fəaliyyət göstərərkən müəyyən stereotipləri sındırmışıq. Çünki bir çox sovet, rus diplomatları, diplomatik dairələr ümumiyyətlə hesab edirdilər ki, müsəlman ölkələrindən real diplomat çıxa bilməz, onlar bunu bacarmazlar, bunu ancaq özləri bacararlar, yaxud erməni mənşəli kimsə bunu bacara bilər. Biz həmin stereotipi sındırmışdıq. Mən təkcə özümdən danışmıram. Mənimlə birlikdə digər azərbaycanlı vətəndaşlar da işləyirdi, fəaliyyət göstərirdi. Vəfa Quluzadə var idi, sonra Bəxtiyar Sultanzadə və s. Digər məsələ ondan ibarətdir ki, biz tam qərar verə bilməzdik, çünki çox da yüksək vəzifədə deyildik. Biz sadəcə olaraq diplomatik fəaliyyətimizlə məşğul idik, yəni baş konsulluqlarda, səfirliklərdə. Amma biz həmin vəziyyətdən istifadə edərək orada azərbaycanlıların yaşadığı yerlərə gedir, onlarla görüşür, problemlərini həll etməyə çalışırdıq. Bir çox hallarda bunu edirdik və müsbət nəticələr də olurdu. Onlar bizim yanımıza gəlirdilər.

- O şərait sizə yaradılırdı, yoxsa özünüz yaradırdınız?

-Çox geniş şərait yaradılmırdı, çünki sovet diplomatları müəyyən dərəcədə buna qısqanclıqla baxırdılar. Başqa bir məqam da ondan ibarətdir ki, mənim işlədiyim Yaxın Şərq ölkələrində erməni diasporu da kifayət qədər güclü idi. Bir çox hallarda onlar bizim işlərimizə maneə törətməyə çalışırdılar. Biz də bununla mübarizə aparır, həmin stereotipləri qırmağa çalışırdıq. Məsələn, orada yaşayan ermənilərin qondarma soyqırımı məsələləri, 1915-ci il hadisələri ilə bağlı müzakirələr, diskussiyalar onu göstərirdi ki, biz öz maraqlarımızı müdafiə edərək həmişə öz prinsiplərimizi üstün tutmuşuq. Əlbəttə ki, üçüncü məqam da ondan ibarətdir ki, biz orada bir çox Azərbaycan bayramlarını qeyd etməklə Azərbaycan reallıqlarını, Azərbaycanın iqtisadi inkişafını, tarixini və mədəniyyətini təbliğ edirdik. Yəni vəziyyətdən, fürsətdən istifadə edirdik. Amma biz böyük dövlətin, Sovet İttifaqının təmsilçisi, diplomatı idik. Təbii ki, öz maraqlarımıza zidd olan hər hansı bir tapşırıq bizim tərəfimizdən heç vaxt yerinə yetirilə bilməzdi.

"Bir ara nazirliyə rəhbərlik mənə həvalə edildi"

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

- Bəs müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasına keçid sizin üçün nə dərəcədə fərqli oldu?

-Yerlə göy qədər fərq var idi. Təbii ki, burada daha çox sərbəstlik oldu. Azərbaycan öz sözünü deyə bildi. Amma ilk illərdə çox çətin vəziyyət yaranmışdı. Biz müstəqilliyimizi elan etdikdən sonra, ilk diplomatik münasibətlərimiz yarananda, bir çox dövlətlər bizi tanımağa başlayanda və xaricdə səfirliklərimiz təsis olunanda bir çox hallarda yerləşmək üçün öz yerimiz yox idi. Türkiyə bizə köməklik göstərdi. Öz binalarında, səfirliklərində bizə yer ayırmışdı. Çünki o vaxt, 1990-cı illərin əvvəlləri idi və kifayət qədər maliyyə imkanımız yox idi. Büdcədən buna o qədər də çox pul ayrılmırdı. Amma sonradan, əlbəttə ki, biz artıq müxtəlif binalarda işləyərək püxtələşdik, formalaşdıq və öz səfirliklərimizi təsis etməklə yanaşı, aktiv fəaliyyətə başladıq. Mən onu da əlavə etmək istəyirəm ki, Xarici İşlər Nazirliyinin özündə 11 il işləmişəm. Orada ikinci katib, birinci katib vəzifələri var idi. Sonra idarə rəisi vəzifəsinə qədər yüksəlmişəm. Hətta bir ara iki dəfə nazirimiz BMT Baş Assambleyasına gedəndə, orada iki ay qaldı və əmr əsasında nazirliyə rəhbərlik mənə həvalə olunmuşdu. Yəni bu da Azərbaycanın xarici siyasətinin bir aspektidir, bir amilidir. Burada bir məqam var, çox incə məqamdır. Bir çoxları hesab edir ki, Azərbaycanın sovet dövründə xarici siyasəti yox idi. Müəyyən dərəcədə bu, həqiqətdir. Həqiqətən də biz böyük dövlətin tərkib hissəsi idik. Amma bizim xarici əlaqələrimiz var idi. Biz digər dövlətlərlə müxtəlif sahələrdə, məsələn, iqtisadi, humanitar, mədəni, idman və elmi sahələrdə güclü əməkdaşlıq etmişik. O vaxt Xarici İşlər Nazirliyinə bütün bu əlaqələrin koordinasiyası tapşırılmışdı. Nazirlər Kabinetinin müvafiq qərarı, sərəncamı var idi. Bura səfirlər gəlir, baş konsullar Bakıya gəlir, Azərbaycanla tanış olurdular. Xarici müxbirlər gəlirdi, biz onlara müəyyən görüşlər təşkil edirdik. Onlar bizim rəsmilərlə görüşür, bəzi məsələlərə aydınlıq gətirirdilər və sair. Yəni demək istəyirəm ki, iş var idi və bu işi inkar etmək olmaz. Mən özüm bu prosesdə fəal şəkildə iştirak etdiyimə görə bunu qeyd edirəm. Bir çox dövlət başçıları bura gələndə biz onlarla işləyirdik. Məsələn, yadımdadır, Meksikanın prezidenti, Vyetnamın prezidenti və bir sıra Avropa dövlətlərinin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri gəlirdilər. Biz həm onları müşayiət edir, həm də onlar üçün şərait yaradırdıq. Eyni zamanda, onları müəyyən rəsmilərlə görüşdürürdük.

- Siz dediniz ki, müstəqillik əldə etdikdən sonra bizə ilk dəfə Türkiyə qapı açdı, diplomatik yolda bizə kömək etdi. Maraqlıdır, ümumiyyətlə, beynəlxalq siyasətdə sizcə, dost anlayışı var? Yəni ölkələr arasında “bu bizim dost ölkəmizdir” anlayışı mövcuddur, yoxsa bu, sadəcə siyasi maraqları ehtiva edir?

-Türkiyə ilə azərbaycanlıların münasibəti həmişə, hələ sovet dövründən, çox isti, istiqanlı olub. Biz həmişə onların vəziyyəti ilə maraqlanırdıq, hesab edirdik ki, biz bir millətik və sair. Onların həmin dövrdə bizə köməkliyi, əlbəttə ki, bizim üçün böyük dəstək idi. Çünki bu, qısa müddət ərzində baş verdi. Sonradan biz artıq formalaşandan sonra büdcədən müəyyən maliyyə də ayrıldı və səfirliklərimiz müstəqil şəkildə fəaliyyətə başladı. Düzdür, ilk addımlarımız, ilk dövrdəki fəaliyyətimiz çox məhdud formada idi. Yəni orada iki-üç diplomat işləyirdi. Sonradan bu heyət genişləndi. İndi isə bir çox səfirliklərimizdə bir neçə nəfər, hətta onlarla işçi var. Bu da bizim üstünlüyümüzdür. Dost anlayışına gəldikdə isə, əsas məsələ maraqlardır. O vaxt maraqlar üst-üstə düşürdü, indi də bir çox hallarda üst-üstə düşür. Amma biz heç vaxt yadımızdan çıxarmamalıyıq ki, biz bir millət, iki dövlətik. . Bir millət ola bilərik və biz bunu heç vaxt inkar etmirikAmma biz iki müstəqil dövlətik. Təbii ki, xarici siyasət arenasında maraqlarımız üst-üstə də düşə bilər, bəzi hallarda bir-birimizə zidd də ola bilər. Məsələn, İsraillə bağlı Türkiyənin öz yanaşması var, bizim isə tamamilə başqa yanaşmamız var. Mən bunu misal kimi gətirirəm.

"Silahdan istifadə edə bilmirdim, amma dedilər ki, qorxudan bacaracaqsan"

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

- Siz Yəməndə də fəaliyyət göstərmisiniz. Orada çalışarkən həyatınız üçün riskli anlar yaranıb?

-Bəli, mən Yəmənin həm şimalında, həm də cənubunda fəaliyyət göstərmişəm. Şimali Yəməndə Səna və Xodeyda şəhərlərində olmuşam. Digər fəaliyyət göstərdiyim ərazi isə Cənubi Yəmən idi. İndi onlar birləşiblər, amma yenə də münaqişə davam edir. Mən o vaxt cavan idim və bir çox məsələləri o qədər də ciddi qəbul etmirdim. Amma avtomat atəşinin səslərini yaxşı eşidirdim. Sonra biz Oman və Səudiyyə Ərəbistanı ilə sərhəd zonalarına gedirdik, orada danışıqlarda iştirak edirdim. Orada həm vətəndaş müharibəsi gedirdi, həm də Yəmənlə Oman arasında ərazi münaqişəsi var idi. Bu, çox təhlükəli idi. Biz müəyyən təyyarələrə minib sərhəd zonasına gedirdik. Mən o vaxt heç bilmirdim, o vertolyotlarla necə gəlib çatırdım, oradan necə qayıdırdım. Ola bilsin ki, həmin vaxt bunu o qədər də anlamırdım. Amma sonradan, bir neçə ildən sonra başa düşdüm ki, böyük təhlükələrlə üzləşirmişəm. Sonra Xodeyda şəhərindəki baş konsulluqla bağlı bir hadisə baş vermişdi. Bizə xəbər gəldi ki, axşam konsulluğunuza hücum olacaq. Bizi topladılar və dedilər ki, hamımız burada, bu otaqda cəmləşirik və çalışacağıq onlara cavab verməyək. Qoy onlar sözlərini desinlər, şüarlar səsləndirsinlər. Amma orada kimsə soruşdu ki, birdən hücum etsələr, biz nə edək? Bizi başqa bir otağa apardılar. Orada bir neçə avtomat, “Kalaşnikov” avtomatları var idi. Dedilər ki, bunları görürsünüz? Bunlardan götürüb istifadə edə bilərsiniz. Mən də o vaxt gənc idim. Dedim ki, axı mən avtomatdan istifadə edə bilmirəm. Həmin şəxs baş konsulun müavini idi, özü də keçmiş xüsusi xidmət orqanlarının nümayəndəsi olmuşdu. Dedi ki, sənə təhlükə yaransa, snayper kimi atəş açacaqsan, özünü müdafiə edəcəksən. Yəni qorxudan onsuz da istəsən də, istəməsən də onsan istifadə etməyi bacaracaqsan. Düzdür, diplomatik nümayəndəlikdə əsas silah olmamalıdır. Diplomatın silahı dildir. Bu, hamı tərəfindən qəbul olunmuş bir aksiomadır. Amma o vaxt elə bir dövr idi ki, vətəndaş müharibəsi, qalmaqal, münaqişə gedirdi, qan tökülürdü. İndi də orada qan tökülür, çox təəssüflər olsun.

- Siz dediniz ki, diplomatın silahı dildir. Bəs maraqlıdır, yaxşı diplomatın üç əsas keyfiyyətini sadalaya bilərsiniz? Yaxşı diplomat hansı keyfiyyətlərə malik olmalıdır?

-Birincisi, bilik. Bilik hər şeyi ehtiva edir. Həm ümumi bilik, həm dilləri bilmək və sair. İkincisi, məsuliyyət. Üçüncüsü isə çeviklikdir. Sən prinsipiallıq nümayiş etdirməlisən, danışıqlar zamanı, fəaliyyət göstərərkən öz dövlətinin maraqlarını müdafiə etməlisən. Eyni zamanda, çevik olmalısan. Yəni səndə manevr etmək bacarığı olmalıdır. Hər bir halda, sənin prinsipiallığın çevikliyinlə paralel getməlidir.

"Bəzi görüşlər haqda çox az şey açıqlanır, əsas məqamlar gizli qalır"

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

- Bəs diplomatik fəaliyyət zamanı elə hadisələr olur ki, ictimaiyyətə açıqlanmır və ya ictimaiyyət heç bundan xəbər tutmur. Fəaliyyətinizdə mətbuata açıqlanmayan, lakin diplomatik baxımdan mühüm əhəmiyyət kəsb edən hansısa hadisə olub?

- Əlbəttə, olub. Bir çox danışıqlar qapalı şəkildə keçirilir. Məsələn, Sovet İttifaqı Cənubi Yəmənə köməklik edirdi. Həm hərbi-texniki sahədə, həm də digər iqtisadi sahələrdə. ABŞ və Qərb ölkələri isə o vaxt Şimali Yəməni dəstəkləyirdi. Əlbəttə, danışıqlarda bir çox hallarda hərbi-texniki yardımla bağlı məsələlər müzakirə olunurdu. Məsələn, təyyarələrin verilməsi... O vaxt dron yox idi və təyyarələr, avtomatlar, yüngül silahlar, ağır silahlar, artilleriya və sairə ilə bağlı danışıqlar aparılırdı. Sonra, məsələn, hansı köməkliyin göstəriləcəyi, canlı qüvvənin göndərilib-göndərilməyəcəyi məsələsi də müzakirə olunurdu. Oraya müəyyən mütəxəssislər qapalı şəkildə gəlirdi. Yəməndən bəzi vətəndaşlar Rusiyaya gedir, orada təlim keçirdilər. Bu təlimlər nəticəsində geri qayıdaraq daha da formalaşmış mütəxəssislər kimi həmin münaqişədə iştirak edirdilər. Yəni qarşıdurma gedirdi. Soyuq müharibə idi. SSRİ-ABŞ soyuq müharibəsi formatında bəzi hallarda onların maraqları da üst-üstə düşürdü. Amma qarşıdurma çox gərgin idi. İndi də, məsələn, Ukrayna-Rusiya arasında vasitəçilər olduğunu görürük. ABŞ-İran arasında gedən danışıqlarda da vasitəçilər iştirak edir. Biz bir çox şeyləri bilmirik. Bir çox məsələlər açıqlanmır. İctimaiyyətə yalnız müəyyən məqamlar çatdırılır. Amma bir çox məsələlər gizli qalır, kulislər arxasında müzakirə olunur. Hansı kompromislər olacaq, hansı güzəştlər ediləcək, kim nəyi güzəştə getməlidir, hansı tərəf daha çox, hansı tərəf daha az güzəşt etməlidir? Bu məsələlər həmişə qapalı şəkildə qalır.

- Azərbaycanın siyasətinə nəzər salsaq, bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın ən böyük diplomatik üstünlüyü nədir? Yaxud hansı zəif tərəfini gücləndirməyə ehtiyacı var?

-Bizim əsas xarici siyasət prioritetlərimiz çoxvektorluq siyasətidir. Bu da bizə müəyyən üstünlüklər gətirir. Həmin üstünlükləri sadalaya bilərəm. Məsələn, bu çoxvektorluq siyasəti bizə suverenliyimizi bərpa etməyə kömək etdi. Ərazi bütövlüyümüzü tam bərpa etdik. Burada həm prinsipiallıq, həm çeviklik, eyni zamanda çoxvektorluq siyasətinin həyata keçirilməsi rol oynadı. Çünki biz bunu etməzdən əvvəl bir çox aparıcı dövlətlərlə danışıqlarda iştirak etmişdik. Bəzi dövlətləri neytrallaşdırmışdıq ki, onlar müdaxilə etməsinlər. Bu da bir reallıqdır. Düşünürəm, bu, Azərbaycan xarici siyasətinin əsas və çox güclü amilidir. Zəif tərəflərinə gəldikdə isə, əlbəttə, ola bilsin ki, müəyyən hallarda, müəyyən məqamlarda biz öz fikrimizi daha güclü şəkildə çatdıra bilərdik. Məsələn, daha güclü, hücumedici diplomatik addımlar ata bilərdik. İndi ola bilsin ki, müəyyən səbəblərə görə bunu etmirik. Amma mən düşünmürəm ki, bunu ona görə etmirik ki, zəifik. Sadəcə olaraq, bunun da müəyyən mexanizmləri, səbəbləri olur.

- Bəs sizcə, Rusiyaya qarşı siyasətimizdə nələri dəyişməliyik? Yoxsa hazırkı əlaqələr bir diplomat kimi sizi qane edir?

-Rusiyaya qarşı münasibətimizin dəyişdirilməməli olduğunu düşünürəm. Biz düzgün siyasət aparırıq. Lazım olanda açıq şəkildə fikrimizi, mövqeyimizi bildiririk. Elə yaxın tariximizdə, vurulmuş təyyarə ilə bağlı məsələdə onlara açıq şəkildə iradlarımızı bildirdik və bir çox tələblərimizi yerinə yetirməyə məcbur etdik. Bu da bir reallıqdır. Kompensasiya məsələsi, üzr istəmək məsələsi, kiminsə cəzalandırılması məsələsi və sair. Təbii ki, biz həmişə başa düşməliyik və bilməliyik ki, Rusiya nəhəng bir dövlətdir. Bəzi hallarda təhlükəli bir dövlətdir. Biz bunu nəzərə almalıyıq və münasibətlərimizdə həmin məqamları diqqətdə saxlamalıyıq. Yəni lazım olanda fikrimizi bildiririk, amma eyni zamanda münasibətlərimizi qırmaq fikrində deyilik. Çünki başa düşürük ki, müəyyən təxribatlarla da üzləşə bilərik. Gördüyümüz proseslər bunu təsdiq edir. Ukrayna ilə, Moldova ilə, məsələn, Gürcüstanla və digər dövlətlərlə bağlı baş verənləri bilirik, görürük. Ona görə də bunu həmişə nəzərə almalıyıq.

"Bir dövlət başçısı başqa dövlət başçısını niyə yatağından çıxarıb aparsın ki?"

- Həyatınızın böyük hissəsini beynəlxalq münasibətlərə həsr etmisiniz. Bu gün dünyada baş verənləri izləyəndə sizi ən çox təəccübləndirən nədir?

-Mən, sözün düzü, başa düşmürəm ki, hansısa bir dövlət gəlib digər dövlətin başçısını vəzifəsindən uzaqlaşdırıb aparsın, hətta onu yatağından götürsün həbsxanaya salsın, özü də yoldaşı ilə birlikdə. Mən, məsələn, bunu başa düşə bilmirəm. Bu, məntiqə sığışmayan bir şeydir. Hətta bir çox məsələlər var. Yaxud elə İsrailin özünü götürək. İsrail bizim üçün tərəfdaş, dost dövlətdir və bizə həmişə yardım edib. Bunu inkar edə bilmərik. Amma, məsələn, Qəzza bölgəsində baş verən hadisələr… Mən HƏMAS-ı nəzərdə tutmuram. HƏMAS radikal terror təşkilatıdır. Amma orada bir çox dinc əhali qırılıb. Mülki əhali qırılıb, qaçqın vəziyyətindədir. Bu, təbii ki, qəbulolunmaz haldır.

-Nikol Paşinyan yeni konstitusiya layihəsini təqdim etdi və oradan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ilə faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edildiyi görüntüsü yaradılıb. Layihədə "beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlət qurmaq" ifadəsi yer alıb, amma konkret olaraq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı birbaşa qeyd yoxdur. Diplomatik praktikada bu cür ümumi ifadələr gələcəkdə Ermənistanda hakimiyyət dəyişərsə, yenidən revanşist iddialar qaldırmaq üçün hüquqi "boşluq" saxlamırmı? Bakı bu mətnlə tam razılaşmalıdır, yoxsa daha konkret təminatlar tələb etməlidir?

-Məsələ orasındadır ki, bu, onların öz daxili işləridir. Konstitusiya Ermənistana məxsus olan sənəddir. Onlar özləri həmin maddələri hansı tərkibdə, hansı ardıcıllıqla yerləşdirəcəklərini müəyyən edirlər. Bu, onların öz işləridir. Bizim əsas məqsədimiz o idi ki, preambulada həmin deklarasiyaya istinad olmasın. Çünki 1990-cı illərdə qəbul olunan deklarasiyada Qarabağ açıq şəkildə Ermənistanla birləşmiş, vahid dövlət kimi tanınırdı. Biz buna nail ola bildik. Layihədə artıq həmin istinad yoxdur. Onlar Naxçıvana da indiyə qədər iddialıdırlar. Gəncəyə də iddialıdırlar. Hətta adını da Qandzasar qoyublar. Yəni onlar bir çox ərazilərimizə göz dikiblər. Onda gərək bütün coğrafi adları bir-bir çəksinlər. Mən düşünürəm ki, bizim üçün həmin preambulanı aradan götürmək və Konstitusiyaya salmamaq müəyyən diplomatik uğurumuzdur. Təbii ki, bu, heç də o demək deyil ki, həmin sənəd tam razılıqla bütün xalq tərəfindən qəbul olunacaq. Orada güclü müxalif siyasi qüvvələr var. Əsas məsələ referendumda qəbul olunmasıdır.

-Bəs sizcə, qəbul olunmasa, necə olacaq?

-Əgər Paşinyan özünü güclü, çevik siyasətçi hesab edirsə, onda gərək bunu parlamentdə qəbul etdirsin. Düzdür, onun orada partiyasının kifayət qədər çoxluğu yoxdur. Amma ona müxalifətin iki səsi lazımdır. Həmin iki səsi qazana bilsə, onda layihə parlamentdə təsdiq olunaraq referenduma çıxarıla bilər. Əlbəttə, hər şey ola bilər. Bu, Paşinyanın, onun tərəfdarlarının siyasi addımlarından asılıdır. Onlar gərək bu istiqamətdə təbliğat işlərini gücləndirsinlər. Əhali arasında təbliğat aparsınlar, izah etsinlər ki, niyə bunu təqdim edirlər, niyə Konstitusiyada dəyişiklik var və bu, onlara hansı üstünlükləri gətirəcək. Məsələn, dinc proses, Azərbaycanla normallaşma prosesləri və sair. Yəni bütün bunları geniş miqyaslı formada həyata keçirməlidirlər.

-Əgər Paşinyan hakimiyyətdən getsə, onun yerinə Ermənistanda Paşinyan kimi başqa bir siyasətçi varmı ki, bizimlə sülh danışıqlarını aparsın?

-Bilirik ki, Paşinyan Azərbaycanla sülh istəyir. Mənə elə gəlir ki, var. Məsələn, Alen Simonyan onun tərəfdarıdır və kifayət qədər güclü siyasətçidir. Yaxud, məsələn, Ararat Mirzoyan. O da onun tərəfdarıdır. Orada yeni parlamentin spikeri var – Rubinyan. O vaxt Ermənistan nümayəndə heyətinə rəhbərlik edirdi, Türkiyə sərhədlərinin açılması ilə bağlı prosesdə vitse-spiker idi. İndi spiker olub. Yəni onu əvəz edəcək şəxsin tapılacağını düşünürəm. Təki məsələlər həll olunsun, təki əsas gündəmdə olan problemlər öz həllini tapsın.

-Ümumiyyətlə, gələcək 10 il üçün Cənubi Qafqazın siyasi durumunu, vəziyyətini necə təsəvvür edirsiniz?

-On il uzun müddətdir. Uzunmüddətli proqnozu ancaq elmi dairələr verə bilər. Onlar da bir çox hallarda səhv edirlər. Çünki uzunmüddətli proqnoz vermək, xüsusilə belə mürəkkəb regionda çətindir. Siyasi manevrlər tez-tez dəyişə bilər. Hərdən belə bir sual verilir: birdən Ermənistanda Konstitusiya dəyişilmədi, səs verilmədi, yaxud səs verildi, Konstitusiya dəyişdi, amma Paşinyandan sonra yenə radikal qüvvələrin nümayəndəsi hakimiyyətə gəldi. Onda necə olacaq? Biz bütün halları nəzərə ala bilməliyik. Bu, siyasətdir, diplomatiyadır. Burada hər şey ola bilər. Amma hər halda, Ermənistana yeni bir rəhbər gəlsə və bu Konstitusiya qəbul olunsa, əlbəttə, onun üçün həmin sənədi dəyişdirmək çətin olacaq. Çünki əgər xalq buna səs veribsə, deməli, xalq Azərbaycanla üzləşmək istəmir. Çox qan tökülüb. Onlar neçə nəfər itki veriblər, bilmirəm. Bəzi hallarda 5 min, 12 min deyirlər. Nəyin naminə vuruşmalıdırlar? Başqa dövlətin torpağı uğrunda? Bu, “nonsense”dir, yəni cəfəngiyyat.

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ

-İndi yenidən diplomat kimi fəaliyyət göstərmək şansınız olsa, hansı ölkədə diplomat olmaq istəyərdiniz?

-Mənim əsas təhsilim şərqşünaslıqdır. Düzdür, sonra Budapeştdə də oxumuşam, Mərkəzi Avropa Universitetində. Amma mən ərəbşünasam, şərqşünasam. Mən istəsəm də, istəməsəm də, hansısa ərəb ölkəsində işləməliyəm. Misir, Suriya, İraq, həmin Yəmən… İraq da mənim ixtisasıma yaxın ölkələrdəndir. Amma başqa bir tərəfdən onu da deməliyəm ki, diplomat özünə yer və vəzifə axtarmır və axtarmamalıdır. Ölkə onu hara göndərsə, orada gedib işləməli və ölkəsinin maraqlarını müdafiə etməlidir.

- Diplomatlar kifayət qədər ciddi və bəzən də sərt görünür. Bəs maraqlıdır, şəxsi həyata, ailəyə bu duruş necə siraət edir?

-Əlbəttə, müəyyən fərq var. Əgər sən dövlət maraqlarını müdafiə edirsənsə və hansısa mürəkkəb ölkədə işləyirsənsə, evə qayıdanda, əlbəttə ki, rahatlanmalısan. Evdə özünü xidmət zamanı olduğu kimi aparmamalısan. Çünki sən özün üçün rahatlıq axtarırsan. Bu da bir reallıqdır. Ona görə düşünürəm ki, diplomatın fərqli yanaşması var. İşdə o, daha ciddi şəkildə fəaliyyət göstərməlidir. Evdə isə rahat şəraitdə olmalıdır. Ailə üzvləri də bunu başa düşməli və ona həmin şəraiti yaratmalıdırlar.

"Məni təyyarə mindirib aparırdılar, amma bunu evdə bilmirdirlər"

-Bəs elə siyasi məsələlər olurmu ki, siz heç onu gəlib evdə ailənizə belə demirsiniz?

-Elə məsələlər olub, əlbəttə. Əlbəttə, mənim yoldaşım biz Yəməndə olanda heç bilmirdi ki, məni təyyarəyə mindirib sərhədə aparırlar. Mən sonradan ona demişəm. Çünki mən səhər işə gedirdim, adi işə gedirmiş kimi. Sonra işdən bizi maşınla aeroportdan aparırdılar, təyyarəyə mindirirdilər və münaqişənin baş verdiyi sərhəd zonasına aparırdılar. Biz gün ərzində danışıqlarda iştirak edir, axşam isə geri qayıdırdıq. Yoldaşım məndən soruşurdu ki, niyə belə gec qayıtmısan? Mən də deyirdim ki, orada bəzi işlərim var idi, onları iş vaxtı sona çatdıra bilmədim. Bir az da qalmağa ehtiyac var idi. Mən bunu ona deyə bilməzdim. İxtiyarım yox idi bunu deməyə.

Qeyd edək ki, görüşümüzün sonunda Fikrət Sadıxov müəllifi olduğu “Diplomat olmaq asandırmı?” kitabını mənə hədiyyə etdi. Diplomatik fəaliyyətin incəliklərini və bu sahədəki şəxsi təcrübələrini əks etdirən kitab müsahibəmizin mövzusuna da maraqlı bir əlavə oldu.

Bəsti Rəfizadə

Sfera.az

"Silahdan istifadə edə bilmirdim, dedilər ki, qorxudan bacaracaqsan" - Fikrət Sadıxovla MÜSAHİBƏ
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR