Logo

Paşinyan Rusiyadan nə ilə qayıdacaq? – sensasion gedişat ssenarisi

Paşinyan Rusiyadan nə ilə qayıdacaq? – sensasion gedişat ssenarisi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan və Rusiya arasındakı münasibətlərdə gərginliyin səngiməsi müşahidə olunsa da, hələlik Kremli qane edən səviyyədə deyil. Hər halda bunu Rusiya rəsmilərinin açıqlamalarından və elə erməni ekspertlərin şərhlərindən də müşahidə etmək mümkündür.

Sfera.az bildirir ki, Baş nazir Nikol Paşinyanın təkcə dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini nəzərə alsaq, istisna deyil ki, nəhayət, ortadakı “buzlar” əriyəcək. İrəvandan gələn reaksiyalar da bu qənaətə gəlməyə əsas yaradır. “Ermənistan Rusiya ilə əlaqələri kəsməyi, ikitərəfli münasibətlərdə böhran yaratmağı və ya Moskva ilə “körpüləri yandırmağı” planlaşdırmır”. Musavat.com-un bildirir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai televiziyanın efirində belə deyib. Onun sözlərinə görə, İrəvan ikitərəfli əlaqələri sağlamlaşdırmaq və irəli addımlamaq üçün Moskva ilə münasibətlərdə yığılıb qalmış problemlərə yenidən baxmaq niyyətindədir.

Diplomatik nümayəndə mövqeyini belə dilə gətirib: “Biz heç bir vəchlə Rusiya ilə münasibətləri kəsmək, onlarda böhran yaratmaq və ya Moskva ilə körpüləri yandırmaq niyyətində deyilik”. O, həmçinin Rusiyanın Ermənistanın mühüm tərəfdaşı olaraq qaldığını vurğulayıb və Rusiya tərəfinin də eyni mövqedə olduğuna ümid etdiyini bildirib. Eyni zamanda Kostanyan xatırladıb ki, dekabrın 3-nə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri nəzərdə tutulur. Səfər çərçivəsində müzakirə olunacaq mövzulardan biri də ikitərəfli münasibətlərdəki problemlər olacaq.

Paşinyan-Putin görüşündən nələr gözləmək olar? Qarşıdakı günlərdə münasibətlər düzələcəkmi? Xüsusilə də Kreml Paşinyanın konstitusiya və Zəngəzur dəhlizi qərarlarına necə yanaşacaq?

Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a açıqlaması zamanı bildirib ki, Paşinyan-Putin görüşündə daha çox Ermənistan-Rusiya münasibətləri, xüsusilə də son dövrlərdə gərgin olan münasibətlərin müzakirə olunacağını gözləyir:

“Paşinyan mümkün qədər balanslaşdırılmış, əslində, balanslaşdırılmış deyil, həm Avropa ilə, həm də Rusiya ilə bağları tamamilə qoparmamaq, üstəlik, Rusiyadan nələrisə qopartmaq, eyni zamanda Avropadan nələrisə əldə etmək siyasətini ortaya qoyub. O, uzun illər ərzində Rusiyadan bütün istiqamətlərdə - siyasi, iqtisadi, enerji, sərhəd və digər təhlükəsizlik məsələlərində - asılı olan Ermənistan dövlətini müəyyən mənada bu asılılıqdan çıxarıb. Amma Rusiya ilə əlaqələri tam şəkildə qoparmadan Avropa ilə də münasibətləri saxlamaq və təbii ki, hər iki tərəfdən yararlanmaq siyasətini həyata keçirməyə cəhd edir”.

X.Bəşirov xatırladıb ki, İrəvanın Moskva ilə dəmir yollarıyla bağlı konsessiya müqaviləsi var:

“Ermənistan bu müqaviləni müəyyən müddətə bağlayıb və indi ondan çıxmaq, yaxud da dəmir yollarının bir hissəsini həmin müqavilənin əhatə dairəsindən çıxarmaq istəyir. Düşünürəm ki, Ermənistan bütün bu məsələlərdə Rusiyanın Ukrayna mövzusu ilə bağlı başının qarışıq olmasından maksimum dərəcədə yararlanmağa çalışır. Ermənistan bu məsələləri, o cümlədən Zəngəzur mövzusunu gündəmə gətirir.

Əslində, söhbət Zəngəzur dəhlizindən gedir. Ermənistan bunu TRIPP layihəsi formasında həyata keçirməyə cəhd edir. Həm də eyni zamanda ABŞ-nin regionda, Ermənistanın öz ərazisində mövcudluğunu təmin etməklə bu yolla bəzi məsələlərdə Rusiyanı neytrallaşdırmaq siyasətini həyata keçirməyə çalışır. Rusiya tərəfindən isə, təbii ki, bu məsələlərlə bağlı Paşinyandan müəyyən hesab tələb ediləcəyi gözləniləndir. Amma Zəngəzur dəhlizinə gəldikdə, bu məsələni fərqli formada gündəmə gətirmək istəyənlər var.

Bizim üçün, məsələn, bizim baxışımızdan, birinci növbədə Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi məsələsidir. Bizim üçün prioritet və aktual məsələ budur. 10 noyabr 2020-ci il tarixli bəyanatda da bu məsələ öz əksini tapıb. O cümlədən, ABŞ-də ötən ilin avqustunda əldə olunmuş razılaşmada da bu məsələ xüsusi olaraq təsbit edilib. Gələcəkdə bu yoldan tranzit yolu kimi istifadə etməklə Azərbaycanın Türkiyə ilə birləşdirilməsi, ümumilikdə isə Asiyanın Avropa ilə əlaqələndirilməsi istiqamətində də yararlanmaq mümkündür”.

Bəs, Rusiya bu məsələyə necə yanaşır? X.Bəşirov:

“Düşünürəm ki, Rusiya orada ABŞ-nin mövcudluğuna qarşı çıxacaq və özünün də iştirakını təmin etmək istəyəcək. Nəzərə alsaq ki, Donald Trampın mövqeyinin zəifləməsi və aralıq seçkilərində məğlubiyyətə uğraması Rusiyanın bu məsələdə Ermənistan üzərində təzyiqini bir qədər artırmasına səbəb ola bilər. Yəqin ki, bu görüşdə həmin məsələlər müzakirə olunacaq və Rusiya tərəfi Ermənistana müəyyən xəbərdarlıqlar da edəcək. Çünki artıq əvvəlki mövqe və əvvəlki vəziyyət mövcud deyil. Əgər nəzərə alsaq ki, Rusiya-Ukrayna mövzusu ilə bağlı hazırda danışıqlar prosesi gedir, üfüqdə Rusiya-Ukrayna razılaşması görünərsə, biz bu məsələdə Rusiyanın Ermənistana daha ciddi təzyiqlərinin də şahidi ola bilərik. Amma indiki mərhələdə hələ ki, belə bir zəmin yaranmayıb”. Ekspert digər məsələlərə də diqqət çəkib: “Biz bu mərhələdə Rusiya tərəfinin Ermənistana Avrasiya İqtisadi İttifaqı məsələsi, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında vəzifəli şəxslərin səsvermə hüququndan və səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı addımlarının şahidi olduq. Əslində, bu, Ermənistana bir çağırış, mesaj və xəbərdarlıq idi. İndi daha real xəbərdarlıqlar da ola bilər. Düşünürəm ki, bu görüş ərəfəsində Ermənistanla Rusiya arasındakı gərginliyin aradan qaldırılması istiqamətində Rusiyanın müəyyən addımlarının şahidi ola bilərik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR