Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsində yer alan “Qərbi Ermənistan” ifadəsinin Türkiyənin şərq bölgələrini nəzərdə tutduğunu bildirərək sənədin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Sfera.az xəbər verir ki, Paşinyan bu barədə Nazirlər Kabinetinin iclasında ölkədə davam edən konstitusiya müzakirələrinə münasibət bildirərkən danışıb.
Baş nazir yeni Konstitusiya layihəsinin ilkin mətninin gələn həftə ictimaiyyətə təqdim olunacağını açıqlayıb.
Paşinyan xatırladıb ki, Ermənistanın hazırkı Konstitusiyasında 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə istinadlar mövcuddur.
“Bəyannamədə “Qərbi Ermənistan” kimi anlayışlar yer alır. “Qərbi Ermənistan” dedikdə Türkiyənin şərq bölgələri nəzərdə tutulur. Bu sənəd Ermənistanı qarşıdurma məntiqi çərçivəsinə salır. Buna görə də yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, - deyə o bildirib.
Paşinyan yeni Konstitusiyaya qarşı çıxan müxalifət nümayəndələrinə də müraciət edib. O, Müstəqillik Bəyannaməsindəki mövcud müddəaların yenidən nəzərdən keçirilməsini və konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsini təklif edib.
Baş nazir Azərbaycanın Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnu müdafiə edən qüvvələrə də diqqət çəkib.
“Azərbaycan ermənilərinin geri qayıtmaq hüququnu müdafiə etdiyiniz zaman təxminən 300 min azərbaycanlının da Ermənistana qayıtmaq hüququ məsələsi gündəmə gələcək”, - deyə Paşinyan vurğulayıb.
O, müxalifət təklif etdiyi referendumla razılaşacağı təqdirdə, qarşıdakı seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini də bəyan edib.
Bəsti Rəfizadə
Sfera.az






