"Niyə iqtisadiyyat və ticarətlə məşğul olan nazir Azərbaycanın işlərinə qarışır?"
Fransa rəsmiləri Azərbaycanla bağlı növbəti dəfə tənqidi açıqlamalarla çıxış ediblər.
Belə ki, Fransanın xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli naziri Nikola Forissier 10 noyabrda Senatda çıxışı zamanı 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərini pislədiklərini, nəticədə bölgədəki erməni əhalisinin demək olar ki, hamısının oranı tərk etdiyini bildirib. O, həmçinin Azərbaycanda saxlanılan ermənilərin azad edilməsini tələb edərək məhbuslar məsələsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün ilkin şərt adlandırıb. Fransa tərəfi Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq hüququnun təmin olunmasını da gündəmə gətirib. Bundan başqa, Fransa Xarici İşlər Nazirliyi fransalı deputatın suallarına cavabında beynəlxalq humanitar hüquqa, saxlanılan şəxslərin ədalətli məhkəmə təminatlarına və köçkünlərin geri qayıtmaq hüququna diqqət çəkib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Fransanın bu mövqeyini qəbuledilməz adlandırıb. O bildirib ki,
Parisin selektiv yanaşması və birtərəfli qiymətləndirmələri regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir. Hacızadə Azərbaycanın antiterror tədbirlərinin beynəlxalq hüquqa uyğun həyata keçirildiyini vurğulayıb, həmçinin Ermənistanın işğalı dövründə dağıdılmış Azərbaycan mədəni və dini irsini, eləcə də yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını xatırladıb.
Bəs Fransanın bu mövqeyinin arxasında hansı siyasi məqsədlər dayanır? Paris bu açıqlamalar ilə Azərbaycan-Ermənistan sülh prosesinə təsir etməyə və kölgə salmağa çalışır?
Bu haqda sabiq diplomat Fikrət Sadıxov Sfera.az-a açıqlama verib. O, ümumiyyətlə iqtisadiyyat və ticarətlə məşğul olan nazirin niyə siyasi məsələlərlə məşğul olduğunu və niyə Azərbaycanın daxili işlərinə müdaxilə etdiyini sorğulayıb:

“Birincisi, bu məsələ onun səlahiyyətlərinə daxil deyil. İkincisi, deyilənlər başdan-ayağa yalandır. Onlar dəfələrlə belə yalanlar yayır, bu cür çıxışlar edirlər. Görünür, öz xalqını və digər insanları müəyyən mənada çaş-baş salmaq, hadisələri təhrif etmək istəyirlər. Bəs Azərbaycan qaçqınları, Ermənistandan qovulan azərbaycanlılar onları narahat etmir? Yaxud Qarabağın işğalı zamanı tarixi və dini abidələrimizin məhv edilməsi, dağıdılması, məscidlərdə heyvan saxlanılması onları heç maraqlandırmır?”.
F.Sadıxov Fransanın bu açıqlamalarla Ermənistan və Azərbaycanın sülh prosesinə təsir etməyə çalışdığını qeyd edib və siyasi düşüncələrini öz daxili proseslərinə sərf etmələrini vurğulayıb: “Bu, o dərəcədə böyük yalandır ki, onu ifşa etmək də elə çətin deyil. Sadəcə olaraq, Fransa rəhbərliyi və rəsmiləri bir şeyi başa düşməlidirlər: əgər insan hüquqlarını və demokratiyanı bu qədər üstün tuturlarsa, öz ölkələrində baş verən hadisələri izləsinlər və müvafiq tədbirlər görsünlər. Öz həmkarları, gənc nəsil nümayəndələri onlara qarşı çıxış edir, müxtəlif şüarlar səsləndirir, prezidentin istefasını tələb edirlər. Əsas müzakirə mövzusu bunlar olmalıdır. Digər Avropa ölkələrində nələr baş verir? Bunlar isə onları maraqlandırmır. Ona görə də düşünürəm ki, bu, əlbəttə, başdan-ayağa yalandır və görünür, bu yalanın arxasında müəyyən siyasi motivlər də var. Bu o deməkdir ki, onlar sadəcə olaraq özlərinə haqq qazandırmaq, daha doğrusu, başqalarını tənqid etməklə öz ölkələrində və regionlarında baş verən hadisələri ört-basdır etmək istəyirlər”.
Bəsti Rəfizadə






