Logo

"Tramp da danışıqların mənasız olduğunu anlayır" - Politoloq

"Tramp da danışıqların mənasız olduğunu anlayır" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Konqresinə keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbə qazanması ölkənin siyasi mənzərəsində yeni vəziyyət yaradıb.

Seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi manevr imkanlarına təsir göstərəcəyi, xüsusilə xarici siyasət və hərbi qərarların qəbulunda onun mövqeyini zəiflədə biləcəyi müzakirə olunur.

Bu prosesin İran-ABŞ münasibətlərinə də təsirsiz ötüşməyəcəyi ehtimal edilir. Tehranda seçkilərin nəticələrinin Vaşinqtonun İrana qarşı siyasətində müəyyən dəyişikliklərə yol aça biləcəyi düşünülür.

Digər tərəfdən, İranın danışıqlar prosesində əvvəlki mövqeyindən daha sərt mövqe nümayiş etdirməsi və güzəştlərə getməkdə maraqlı görünməməsi diplomatik həll imkanları ilə bağlı suallar yaradır.

Tehranın mövqeyindəki barışmazlıq danışıqlar ehtimalını tam aradan qaldıra bilərmi?

Bu barədə politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, konqresə keçirilən aralıq seçkilərinin nəticələri Tramp hakimiyyətini xeyli zəiflədib:

"Tramp da danışıqların mənasız olduğunu anlayır" - Politoloq

“Təbii ki, bu, İranda böyük uğur kimi qiymətləndirildi. Çünki bundan sonra İrana qarşı hərbi əməliyyatların aparılması və bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı qərarları Konqres verməlidir. Hər iki palatada isə üstünlük demokratlara məxsusdur. İranda başa düşürlər ki, artıq Amerika Birləşmiş Ştatlarında Trampa qarşı güclü müxalifət formalaşıb və o, istədiyi kimi rahat hərəkət edə bilməyəcək. Bu da İranın daha kəskin mövqe tutmasına, daha sərt və hərbi ritorika ilə zəngin bəyanatlar verməsinə səbəb olub”.

Ekspertin sözlərinə görə, Tramp da danışıqların mənasız olduğunu anlayır:

“Çünki iki barışmaz tərəfi ortaq məxrəcə gətirmək həddindən artıq çətindir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, İran müharibədən əvvəlki mövqeyini daha da sərtləşdirib. ABŞ-nin bunu qəbul etməsi isə qeyri-mümkündür. Bu səbəbdən Tramp bir neçə gün əvvəl açıq şəkildə bəyan etdi ki, İranla razılaşma imzalanması ilə bağlı artıq heç bir ümidi yoxdur. Hətta bu proseslə məşğul olan vitse-prezident Vensi də İranla danışıqlardan uzaqlaşdıraraq ona korrupsiya məsələləri ilə məşğul olmağı tapşırdı. Bütün bunlar onu göstərir ki, nə ABŞ, nə də İran razılığa gəlmək niyyətindədir və tərəflər bunun mümkünlüyünə inanmırlar. Belə olan halda, ya ABŞ tamamilə geri çəkilməlidir ki, bu da onun üçün böyük məğlubiyyət olacaq, ya da İrana yeni zərbələr endirməlidir. Nəzərə alsaq ki, bu günlərdə İran sahillərinə üçüncü aviadaşıyıcı gəmi də gəlib və hazırda bölgədə üç aviadaşıyıcı gəmi var, deməli, onlar hələlik sülh məqsədilə orada deyillər. Bu səbəbdən hərbi əməliyyatlar davam edəcək. Ola bilsin ki, yalnız hərbi əməliyyatlar ABŞ-nin arzuladığı nəticəni verəcəyi təqdirdə yenidən danışıqlar aparmaq zərurəti yaransın. Ancaq İran ən ağır məğlubiyyəti və ən böyük dağıntıları belə etiraf edəcək dövlət deyil. O, yenə özünü qalib elan edəcək. Təəssüf ki, bu vəziyyətdə sülh perspektivi qətiyyən görünmür. Sülh ehtimalı demək olar ki, yoxdur”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR