Paşinyan istefa tarixini açıqladı - Həqiqətən gedəcəkmi?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və ratifikasiyasından sonra vəzifəsindən getməyə hazır olduğunu açıqlayıb.
Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinin suallarını cavablandırarkən danışıb. Baş nazir istefasını tələb edən müxalifət qüvvələrinə təklif irəli sürüb. Onun sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşlar sənədin əleyhinə səs verərlərsə, dərhal istefa verəcək.
Referendumda yeni Konstitusiya dəstəklənərsə, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, eləcə də sülh gündəliyinin digər müddəalarının həyata keçirilməsindən sonra postunu tərk edəcəyini bildirib.
Paşinyan faktiki olaraq öz siyasi gələcəyini Azərbaycanla sülh prosesinin nəticələrinə bağlayır.
Bu addım sülh danışıqlarını sürətləndirmək məqsədi daşıyır, yoxsa qarşıdakı seçkilər və referendum öncəsi hesablanmış siyasi gedişdir? Paşinyanın hakimiyyətdən getməsi Azərbaycan-Ermənistan münasibətlərində indiyədək əldə olunan razılaşmaların taleyini sual altına qoya bilərmi?
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın öz siyasi gələcəyini yeni Konstitusiyanın qəbuluna və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına bağlaması İrəvanda daxili siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir:

“Paşinyan faktiki olaraq sülh prosesini yalnız xarici siyasət məsələsi kimi deyil, həm də Ermənistanın gələcək siyasi kursunu müəyyənləşdirəcək əsas seçim kimi təqdim edir. Onun referendumun nəticəsindən asılı olaraq istefa verməyə, yaxud sülh gündəliyi həyata keçirildikdən sonra növbəti seçkilərdə Baş nazirliyə namizəd olmamağa hazır olduğunu bildirməsi həm müxalifətə siyasi mesaj, həm də cəmiyyətin mövqeyini yoxlamaq cəhdi kimi qiymətləndirilə bilər”.
Deputat Paşinyanın bu bəyanatında kifayət qədər maraqlı siyasi hesablaması olduğunu vurğulayıb:
“O, bir tərəfdən müxalifətin istefa tələblərini referendum müstəvisinə keçirir, digər tərəfdən isə öz hakimiyyətinin siyasi taleyini Azərbaycanla sülhün əldə olunmasına bağlayır. Bununla Ermənistan cəmiyyətinə faktiki olaraq belə bir seçim təqdim edilir: keçmişin qarşıdurma siyasətinə qayıtmaq, yoxsa yeni regional reallıqları qəbul edərək sülhə doğru irəliləmək. Lakin bu yanaşmanın nə dərəcədə prinsipial mövqe, nə dərəcədə seçkiqabağı siyasi taktika olduğunu yalnız konkret addımlar göstərəcək. Burada diqqətçəkən siyasi paradoks da var. Paşinyan sülh naminə hakimiyyətdən getməyə hazır olduğunu bildirir, amma həmin sülhü başa çatdırmaq üçün siyasi dəstəyə ehtiyac duyur. Başqa sözlə, o, öz hakimiyyətinin davamını sülhün təmin olunması ilə əsaslandırmağa çalışır. Bu, həm müxalifətin manevr imkanlarını məhdudlaşdırmaq, həm də Konstitusiya referendumuna əlavə siyasi məzmun qazandırmaq məqsədi daşıya bilər. Azərbaycan üçün isə əsas məsələ Paşinyanın siyasi karyerasının necə başa çatacağı deyil. Rəsmi Bakının mövqeyi prinsipialdır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar aradan qaldırılmalı, sülh müqaviləsi imzalanmalı və gələcək münasibətlər qarşılıqlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalıdır. Azərbaycan üçün sülh konkret siyasətçinin hakimiyyətdə qalmasına deyil,
Ermənistan dövlətinin üzərinə götürdüyü öhdəliklərə söykənməlidir. Paşinyanın hakimiyyətdən getməsi müəyyən siyasi qeyri-müəyyənliklər yarada bilər. Xüsusilə Ermənistanda revanşist mövqedən çıxış edən qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin gələcək icrası baxımından risklər doğura bilər. Ancaq burada mühüm bir prinsip var: dövlətlərarası münasibətlər ayrı-ayrı siyasi liderlərin şəxsi iradəsindən asılı vəziyyətə düşməməlidir. Beynəlxalq hüquqa uyğun bağlanmış və qüvvəyə minmiş müqavilələr hakimiyyət dəyişikliyi ilə avtomatik qüvvədən düşmür. Əsl dayanıqlı sülh də məhz bu hüquqi və siyasi təminatlar üzərində qurulmalıdır. Digər tərəfdən, Paşinyanın referendumla bağlı mövqeyi Ermənistan cəmiyyətinin qarşısında daha fundamental bir sual qoyur: bu ölkə gələcəyini qonşularına qarşı ərazi iddiaları üzərində qurmaq istəyir, yoxsa regionda əməkdaşlıq və iqtisadi inkişaf imkanlarından yararlanmağa hazırdır? Azərbaycan artıq öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. İndi Ermənistanın qarşısında duran vəzifə yeni reallıqları yalnız siyasi bəyanatlarda deyil, konstitusion və hüquqi müstəvidə də qəbul etməkdir”.
Parlamentari sülhün taleyinin Paşinyanın siyasi taleyinə bağlanmamalı olduğunu bildirib:
“Çünki siyasətçilər dəyişir, hökumətlər gedir, amma dövlətlərin məsuliyyəti və qonşuluq coğrafiyası dəyişmir. Ermənistanın tarixi seçimi də məhz bundan ibarətdir: sülhü bir hökumətin siyasi layihəsi kimi saxlamaq, yoxsa onu dövlətin dəyişməz strateji kursuna çevirmək”.
Bəsti Rəfizadə
Sfera.az






