İran Azərbaycanda bu əraziləri izləyir - İDDİA
İranın Çin şirkətləri vasitəsilə Azərbaycanın hərbi aerodromları və hava limanlarının peyk görüntülərini əldə etməsi ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Sfera.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycanın bir sıra rusdilli saytları Rusiya Telegram kanallarına istinadən İran kəşfiyyatının Çin şirkəti “Emposat”dan ölkəmizin hərbi aerodromları və hava limanlarının peyk görüntülərini sifariş etdiyini yazıb. İddialara əsasən, Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarına aid görüntülər Tehrana təqdim olunub.
Elxan Şahinoğlu qeyd edib ki, məlumatlarda “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi, Çinin “Earth Eye” şirkətinin isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə peyk kəşfiyyatı sahəsində əlaqələrinin olduğu bildirilir.
Politoloq diqqətə çatdırıb ki, 2025-ci ilin aprelində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanat imzalanıb. Sənəddə təhlükəsizlik sahəsində əlaqələrin və mübadilələrin gücləndirilməsi də nəzərdə tutulub.
Onun fikrincə, əgər Çin şirkətlərinin Azərbaycan hava limanlarının peyk görüntülərini İran tərəfinə təqdim etməsi barədə məlumatlar doğrudursa, bu, iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun deyil.
Elxan Şahinoğlu vurğulayıb ki, Çinlə İran arasında hərbi əməkdaşlıq heç kimə sirr deyil. Çinin İranı hərbi təchizatla təmin etdiyi, raket və dron istehsalı üçün zəruri texnologiyaların əldə edilməsində Tehrana dəstək göstərdiyi barədə məlumatlar var. Politoloq hesab edir ki, bu əməkdaşlığın region ölkələrinə qarşı yönəlməsi ciddi narahatlıq doğurur.
O, ABŞ-lə İran arasında hərbi qarşıdurma zamanı Naxçıvan hava limanı ətrafına üç dronun atılmasını da xatırladıb. Şahinoğlu bildirib ki, hadisənin səbəbləri bu günə qədər izah edilməyib.
Politoloqun sözlərinə görə, İran parlamentinin mühafizəkar deputatlarından biri İslam İnqilabı Keşikçiləri Korpusunun Körfəz ölkələri ilə yanaşı, Azərbaycana da zərbə endirməyi planlaşdırdığını, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.
Elxan Şahinoğlu hesab edir ki, İranın Çin şirkətləri vasitəsilə Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etməsi barədə məlumatlar təsdiqlənərsə, növbəti ABŞ-İran qarşıdurması zamanı ölkəmiz cənub istiqamətindən mümkün təxribatlara hazır olmalıdır.
Politoloq bu baxımdan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
İnci






