Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur, dövlətçilik ənənələrinə sədaqət və Vətən sevgisinin təcəssümüdür.
Bu gün üçrəngli bayrağımıza baxarkən onun yalnız dövlətimizin rəmzi deyil, həm də tariximizin, müstəqilliyimizin, milli kimliyimizin və şəhidlərimizin müqəddəs xatirəsinin ifadəsi olduğunu dərindən hiss edirik.
Azərbaycan bayrağı bizim üçün adi bir parça deyil. O, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı, anaların göz yaşı, xalqımızın azadlıq arzusu və müstəqilliyimizin əbədi simvoludur. Şəhid ailəsi olaraq bu bayrağa baxanda oğullarımızın Vətənə olan sevgisini, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri fədakarlığı və xalqımızın başını uca edən müqəddəs mübarizəni xatırlayırıq.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Həmin ilin oktyabrın 18-də qəbul olunan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərimiz bərpa olundu.
Bayrağımızın rəngləri xalqımızın milli ideallarını, mənəvi dəyərlərini və dünyaya açıq düşüncəsini ifadə edir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islamçılığı simvolizə edir. Aypara və səkkizguşəli ulduzla tamamlanan üçrəngli bayrağımız Azərbaycan xalqının tarixini, milli birliyini və gələcəyə olan inamını özündə birləşdirir.
Bu gün Azərbaycan bayrağının ucaldığı hər bir məkan bizim üçün xüsusi məna daşıyır. Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın hər birimizə yaşatdığı qürur hissini sözlə ifadə etmək çətindir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın uzun illər gözlədiyi arzular gerçəkləşdi.
Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması şəhidlərimizin müqəddəs ruhuna ehtiramın, onların qanının yerdə qalmadığının və Vətən uğrunda mübarizələrinin əbədiləşdiyinin ən böyük göstəricisidir. Hər dəfə bayrağımızın yüksəklərdə dalğalandığını gördükdə şəhid ailələri olaraq qürur duyur, eyni zamanda, övladlarımızın yoxluğunu daha dərindən hiss edirik. Bu qürur bizim təsəllimiz, bu bayraq isə ən müqəddəs yadigarımızdır.
Azərbaycan bayrağı xalqımızın birliyini, həmrəyliyini və milli iradəsini təcəssüm etdirir. Ulu Öndər Heydər Əliyevin “Bu bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri bu gün müstəqil Azərbaycanın reallığını və xalqımızın sarsılmaz iradəsini ifadə edir.
Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” sözləri isə üçrəngli bayrağımızın hər bir azərbaycanlının qəlbində tutduğu müqəddəs yeri bir daha təsdiqləyir.
Şəhid ailələri olaraq inanırıq ki, dövlət bayrağımıza sevgi və ehtiram Vətənə sevginin ən ali ifadələrindən biridir. Bayrağımızı qorumaq, onu uca tutmaq, gələcək nəsillərə dövlətçilik tariximizi və milli dəyərlərimizi aşılamaq hər birimizin mənəvi borcudur. Çünki bu bayraq altında bir xalq olaraq birləşmiş, müstəqilliyimizi qorumuş, torpaqlarımızı azad etmiş və gələcəyimizi qurmuşuq.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını, xüsusilə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrini təbrik edir, üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayırıq.
Rəna Bağırova, şəhid Əli Ələkbərovun anası, Abşeron rayon sakini






