ABŞ-nin xarici siyasətində bu 5 dəyişiklik ola bilər
Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi ABŞ-nin xarici siyasətində bir sıra dəyişikliklərə səbəb ola bilər.
Sfera.az xəbər verir ki, "Reuters" agentliyi ABŞ-də aralıq seçkilərdən sonra xarici siyasətin dəyişə biləcək beş istiqamətini açıqlayıb.
Agentliyin məlumatına görə, Senat və Nümayəndələr Palatasında çoxluğu əldə edən demokratlar prezident Donald Tramp administrasiyasının müharibə və dövlət xərcləri ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədirlər.
Seçki kampaniyası zamanı demokratlar respublikaçıları Konqresin müharibə elan etmək və büdcə vəsaitlərini bölüşdürmək sahəsində konstitusion səlahiyyətlərini Tramp administrasiyasına ötürməkdə ittiham ediblər.
“Reuters”in diqqət çəkdiyi mümkün dəyişikliklərdən biri İranla müharibənin məhdudlaşdırılmasıdır. Demokratlar Trampı hərbi əməliyyatları davam etdirmək üçün Konqresin razılığını almağa məcbur etmək məqsədilə müdafiə xərclərini azalda və ya müəyyən təyinatların təsdiqinə mane ola bilərlər.
Digər istiqamət Ukraynaya dəstəyin artırılmasıdır. Agentlik qeyd edib ki, demokratlar Kiyevə yeni yardım paketinin ayrılması ilə bağlı səsvermə təşəbbüsü irəli sürə bilərlər.
Bundan başqa, demokratların İsrailə hərbi yardımı məhdudlaşdırmaq və ya dayandırmaq imkanları da var.
Büdcə mexanizmlərindən istifadə də mümkün dəyişikliklər sırasındadır.
Demokratlar hərbi xərcləri məhdudlaşdırmaq və Tramp administrasiyasının blokladığı xarici yardımı bərpa etmək istiqamətində addımlar ata bilərlər.
“Reuters”in qeyd etdiyi beşinci istiqamət isə ABŞ-nin Latın Amerikası siyasətinə nəzarətin gücləndirilməsidir. Bu çərçivədə Vaşinqtonun Venesueladakı fəaliyyəti və Kubaya qarşı sanksiyaları diqqət mərkəzində olacaq.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də aralıq Konqres seçkiləri keçirilib. Seçicilər Senatın 100 üzvündən 35-ni, Nümayəndələr Palatasının isə bütün 435 üzvünü seçiblər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri baş tutub.
ABŞ mediasının son qiymətləndirmələrinə görə, demokratlar yeni çağırış Konqresin hər iki palatasında çoxluğu əldə edirlər. Hazırda isə Senat və Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur.
Bəsti Rəfizadə
Sfera.az






