Tramp administrasiyası İrana zərbələri seçkilərə görə gizli saxlayıb
ABŞ Prezidenti Donald Trampın administrasiyasında İrana davam edən zərbələr barədə məlumatların açıqlanmasının Konqresə aralıq seçkilərində respublikaçılara zərər vuracağından ehtiyat ediblər.
Bu səbəbdən hərbi əməliyyatlarla bağlı məlumatların ictimaiyyətdən gizli saxlanılmasına çalışıblar.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sentyabr ayında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və administrasiyanın digər yüksək vəzifəli şəxsləri Ağ Evdə İranla müharibənin ABŞ ictimaiyyətində populyar olmamasını müzakirə ediblər.
Görüş iştirakçıları belə qənaətə gəliblər ki, davam edən zərbələrin, o cümlədən müdafiə xarakterli hücumların ictimaiyyətə geniş şəkildə açıqlanması respublikaçıların seçki perspektivlərini zəiflədə bilər. Xüsusilə siyasi baxımdan həssas ştatlarda bu məlumatların seçicilərin mövqeyinə təsir edəcəyindən narahatlıq keçirilib. Trampın da bu yanaşmadan xəbərdar olduğu və razılıq verdiyi bildirilir.
Sonrakı həftələrdə ABŞ hərbçiləri İrana qarşı məhdud zərbələri davam etdiriblər. Hədəflər arasında raket qurğuları və digər hərbi texnika olub. Bununla belə, insan tələfatından yayınmağa çalışılıb. Məlumatların gizli saxlanılmasının əsas səbəblərindən biri də genişmiqyaslı hərbi əməliyyatların yenidən başlayacağı təəssüratını yaratmamaq olub.
WSJ-nin yazdığına görə, Ağ Evdəki bəzi müşavirlər müdafiə naziri Pit Heqseti Trampı hərbi əməliyyatların qısa müddətdə başa çatdırıla biləcəyinə inandırmaqda ittiham ediblər. Heqset kampaniyanın davam etdirilməsinin tərəfdarı olduğu halda, Rubio, Vens və administrasiyanın digər nümayəndələri diplomatik danışıqlara üstünlük veriblər.
Respublikaçıların Konqres seçkilərində məğlubiyyətindən sonra Ağ Evdə fərqli yanaşmalar ortaya çıxıb. Müşavirlərin bir qismi Trampa əvvəlcə İrana yeni zərbələr endirməyi, daha sonra isə münaqişəni başa çatdırmaq üçün sülh razılaşmasına nail olmağı təklif edib. Digərləri isə hərbi əməliyyatların dayandırılmasını və itkilərin azaldılmasını müdafiə ediblər.
Qeyd edək ki, Tramp daha əvvəl respublikaçıların seçkilərdə məğlubiyyətini İranla müharibə və yanacağın bahalaşması ilə əlaqələndirib.
Rusiya Prezidenti Vladimir Putin isə Yaxın Şərqdəki böhranla bağlı Moskvanın İranın vəziyyətin nizamlanmasına yönələn səylərinə yardım göstərməyə hazır olduğunu bildirib.
Fatimə
Sfera.az






