Logo

Trampın məğlubiyyətinin təsirlərini necə hiss edəcəyik? - AÇIQLAMA

Trampın məğlubiyyətinin təsirlərini necə hiss edəcəyik? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələri ölkənin siyasi mənzərəsində mühüm dəyişikliklərə işarə edir.

Məlumatlara görə, Demokratlar Partiyası Konqresin hər iki palatasında üstünlük qazanıb. Bu isə Prezident Donald Trampın qarşıdakı iki il ərzində daxili və xarici siyasətlə bağlı qərarlarının həyata keçirilməsinə təsir göstərə bilər.

Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Bəs demokratların Konqresdə üstünlük qazanması Tramp administrasiyasının siyasi qərarlarına necə təsir edə bilər? Bu dəyişiklik ABŞ-nin İrana qarşı mövqeyində hansı yeniliklərə yol aça bilər?

Politoloq Turan Rzayev Sfera.az-a açıqlamasında bildirib ki, Tramp və tərəfdarları ciddi itkiyə məruz qalıblar:

Trampın məğlubiyyətinin təsirlərini necə hiss edəcəyik? - AÇIQLAMA

“ABŞ-də Donald Tramp və respublikaçıların son dövrlərdə həyata keçirdiyi siyasətdən demokratlar öz xeyirlərinə istifadə etməyi bacarıblar. Aralıq seçkilərində əldə olunan nəticələr də bunun real göstəricisidir. Aydındır ki, Tramp və tərəfdarları ciddi itkiyə məruz qalıblar. Lakin bu nəticələrdən sonra Trampın siyasi gələcəyinin artıq müəyyənləşdiyini və ona qarşı hansısa addımların atılacağını düşünmək hələ tezdir. Hazırda müəyyən böhran mövcuddur və hesab edirəm ki, Tramp bu böhranı fürsətə çevirməyə çalışacaq. Bu proseslərlə paralel olaraq, İrana qarşı nüvə silahından istifadə edilməsi, genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə bağlı fikirlər səsləndirilir. Hətta müəyyən ərazilərə zərbələrin endirildiyinin də şahidi olduq. Bu isə prosesin yenidən başladığını göstərir. Əslində, mövcud vəziyyət indiki məqamda Trampın maraqlarına uyğundur”.

O qeyd edib ki, Tramp demokratları da öz mövqeyinə razı sala bilsə, genişmiqyaslı hərbi əməliyyatların başlanması mümkündür:

“Demokratların da İranla bağlı ciddi narahatlıqları və müəyyən tələbləri var idi. Hələ Bayden administrasiyası dövründə İranın nüvə proqramı ətrafında gərginlik mövcud idi və nüvə araşdırmaları ilə bağlı konkret tələblər irəli sürülürdü. Əgər Tramp demokratları da öz mövqeyinə razı sala bilsə, faktiki olaraq genişmiqyaslı hərbi əməliyyatların başlanması mümkün ola bilər. Bu halda Tramp həmin əməliyyatların məsuliyyətini təkbaşına daşımayacaq. Çünki belə bir müharibənin böyük maliyyə xərcləri olacaq. Üstəlik, onun beynəlxalq ticarətə, dünya iqtisadiyyatına və enerji bazarına təsirləri də qaçılmazdır”.

Politoloq İsraildəki seçkilərlə də paralellik apararaq bildirib ki, Benyamin Netanyahu da oxşar siyasi vəziyyətlə üzləşib:

“İsraildəki seçkilərin nəticələrinə də bu kontekstdə yanaşmaq olar. Məlum oldu ki, Netanyahu təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyib. Lakin o, ərəb bloku istisna olmaqla, digər siyasi bloklarla əməkdaşlığa gedərək koalisiya hökuməti formalaşdırıb. Beləliklə, mümkün müharibənin məsuliyyətini müxalifətlə də bölüşmüş olacaq. Əslində, burada kifayət qədər trajikomik vəziyyət yaranıb. Hesab edirəm ki, həm Tramp, həm də Netanyahu nüfuz itirdikləri bir dövrdə üzləşdikləri böhranı fürsətə çevirməyə çalışacaqlar. Lakin onların yanaşmaları arasında fərq var. İsrail, xüsusilə Netanyahu məsələyə daha radikal yanaşır. Tramp isə əsasən təzyiq və qorxu ritorikasından istifadə edərək İranı ABŞ-nin tələblərini qəbul etməyə məcbur etməyə çalışır”.

T.Rzayev qeyd edib ki, hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi İranın mövqeyindən asılı olacaq:

“Proseslərin məhz bu istiqamətdə davam edib-etməyəcəyi İranın mövqeyindən asılıdır. Bununla belə, hesab edirəm ki, artıq genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı barədə danışmağa əsas var. Nüvə silahından istifadəyə gəldikdə isə bunun baş verəcəyini düşünmürəm. Hətta belə bir məsələnin müzakirəsini belə ciddi hesab etmirəm. Eyni zamanda, ABŞ və İsrailin dünya ictimaiyyətində bu istiqamətdə geniş təbliğat apardığını müşahidə edirik. Artıq bir sıra ölkələrin hökumətləri əhaliyə ərzaq, nağd pul, su və konservləşdirilmiş qida ehtiyatları toplamağı tövsiyə ediblər. Mən bütün bunları qiyamət ssenarisi üzərindən qorxu mühiti yaradılması və bunun ABŞ ilə İsrailin maraqlarına xidmət etməsi kimi qiymətləndirirəm”.

“Avropa İttifaqının bu proseslərə münasibət bildirməsi gözlənilir. Lakin İtaliya, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyada davam edən aksiyalar fonunda Avropa ölkələrinin də diqqətini mümkün müharibəyə yönəltmək imkanları məhdudlaşa bilər”, – deyə politoloq bildirib.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR