Paşinyan: “Çox qəribə hadisə baş verəcək"
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiya dəyişikliyinə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin yazdığına görə, dəyişikliyə dair qanun layihəsi Milli Məclisdən keçməsə və ya parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət alternativ variantlara əl atacaq:
“Nikol Paşinyan müxalifəti təhdid etməkdə davam edir və Bakının tələbi ilə konstitusiyanın dəyişdirilməsi məqsədinə çatmaq üçün yeni 2 oktyabr ssenarisi planlaşdırır.
“Çox qəribə hadisə baş verəcək. Adətən parlamentin qarşısında müxalifət aksiya keçirirsə, indi hakimiyyətin aksiya keçirməsi də mümkündür. Nəticədə xalq müxalifətdən Konstitusiya dəyişikliklərinin lehinə səs verməsini tələb edəcək”, - Paşinyan dünən keçirdiyi brifinqdə deyib.
2018-ci il oktyabrın 2-si Ermənistanın müasir tarixinə parlamentə hücum günü kimi düşüb. Həmin gün Paşinyanın göstərişi ilə insanlar parlament binasına daxil olmuş, təzyiqlər nəticəsində parlament buraxılmış və növbədənkənar seçkilər elan edilmişdi. Paşinyan həmin ssenarini bu dəfə Bakının tələbini yerinə yetirmək üçün həyata keçirməyi planlaşdırır”.






