ABŞ və İran arasında danışıqların başlaması üçün əsas maneə nədir? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlara açıq olduğunu açıqlayıb.
Bu mövqe Vaşinqtonun Tehranla münasibətlərində diplomatik kanalın yenidən gündəmə gəlməsi baxımından diqqət çəkir. Çünki Tramp daha əvvəl İranla birbaşa danışıqlara ehtiyatlı yanaşır, Tehran üzərində təzyiqin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Hazırda isə tərəflərin qarşılıqlı təmas imkanlarını nəzərdən keçirməsi Yaxın Şərqdə gərginliyin diplomatik yolla azaldılması ehtimalını gündəmə gətirir.
Bununla belə, ABŞ və İran arasında dialoqun qarşısında ciddi fikir ayrılıqları qalır. Xüsusilə Hörmüz boğazının təhlükəsizliyi və ona nəzarət məsələsi, tərəflərin qarşılıqlı güzəştlərdən gözləntiləri, Vaşinqtonun Tehrana tətbiq etdiyi təzyiq mexanizmləri və İranın strateji mövqeyi danışıqların başlanmasını çətinləşdirən əsas amillər sırasında göstərilir. ABŞ bir tərəfdən İranı güzəştə getməyə məcbur etmək üçün təzyiqi davam etdirir, digər tərəfdən isə birbaşa danışıqlar ehtimalını açıq saxlayır. Tehran isə xüsusilə Hörmüz boğazı məsələsində əldə etdiyi faktiki üstünlüyü danışıqlarda mühüm vasitəyə çevirməyə çalışır.
Bəs hazırda Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün əsas maneələr hansılardır? Tərəflərin mövqeləri hansı məsələlərdə toqquşur və yaxın zamanda ABŞ-İran dialoqunun baş tutması nə dərəcədə realdır?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, istər ABŞ, istərsə də İran problemi danışıqlar masasında həll etməyə çalışır.

Onun sözlərinə görə, burada əsas maneə hər iki tərəfin daha çox güzəşt əldə etmək istəyidir:
“ABŞ İslamabad memorandumunda İranın demək olar ki, bütün şərtlərini qəbul etdi. Amma memorandumun 5-ci bəndində İranın Hörmüz boğazının təhlükəsizliyinə zəmanət verməsi şərtini tərəflərin öz maraqları kontekstində şərh etməsi vəziyyəti gərginləşdirdi. Ona görə də Vaşinqton-Tehran xəttində hazırda danışıqlara əngəl yaradan əsas məsələ Hörmüzlə bağlı vəziyyətdir. İran hazırda boğaza de-fakto nəzarət edir. Sonrakı perspektivdə faktiki nəzarətin hüquqi əsaslarını yaratmaq və qəbul etdirməlk niyyətindədir”.
Siyasi şərhçi noyabradək vəziyyətin qeyri-stabil qalacağını bildirib:
“Ona görə də ABŞ-nin məhdud zərbələr və blokada tətbiq etməklə trəzyiqi İranın bu tələbindən geri çəkilməsinə hesablanıb. Amma görünən odur ki, İran Hörmüz kartından maksimum yararlanmaq niyyətindədir. Hazırda qlobal neft qiymətlərinin bahalaşması, ABŞ daxilində yanacağın qiymətinin artmasına və inflyasiyaya səbəb olur. Bu da aralıq seçkilərində ABŞ hökumətinin mövqelərini zəiflədir. İranın da istədiyi məhz budur. Bu baxımdan ABŞ-də baş tutacaq aralıq seçkilərinə qədər vəziyyət böyük ehtimalla olduğu kimi davam edəcək. Seçkilərin nəticəsi prosesin hansı məcrada inkişaf edəcəyinə böyük ölçdə aydınlıq gətirəcək”.
Firuzə Əliyeva
Sfera.az






