Tramp daha Hörmüzə qane olmur, məqsədi nədir? - AÇIQLAMA

Tramp daha Hörmüzə qane olmur, məqsədi nədir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təşəbbüsü çərçivəsində Hörmüz boğazının açılması ilə bağlı təklifi kifayət hesab etməyib.

Tehran üçün boğazın açılması və danışıqların bərpası atəşkəs istiqamətində mümkün addımlardan biri kimi təqdim olunsa da, Vaşinqtonun gözləntilərinin bununla məhdudlaşmadığı görünür. ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda tərəflərin əsas məsələlər üzrə mövqelərinin nə dərəcədə yaxınlaşa biləcəyi də sual olaraq qalır.


Digər tərəfdən, məsələ ABŞ-də qarşıdan gələn aralıq seçkilər fonunda da xüsusi əhəmiyyət daşıyır. Trampın İranla bağlı sərt ritorikası və mümkün atəşkəs şərtləri həm xarici siyasət, həm də daxili siyasi gündəmlə əlaqələndirilir. Belə bir vəziyyətdə Ağ Evin Tehran qarşısında hansı tələbləri irəli sürdüyü, İranın hansı güzəştlərə hazır olduğu və Hörmüz boğazının açılmasının niyə Vaşinqtonu tam qane etmədiyi diqqət çəkir.


Bəs İranın Hörmüz boğazını açması niyə ABŞ üçün kifayət etməyə bilər? Vaşinqtonun Tehran qarşısında əsas gözləntiləri nələrdir? İran güzəştə gedəcəkmi və tərəflər arasında atəşkəs əldə olunması üçün hansı məsələlər həllini tapmalıdır?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Trampın açıqlamalarını qarşıdakı aralıq seçkilər fonunda da qiymətləndirmək lazımdır.


Onun sözlərinə görə, seçkilərə qədər Trampdan bu tip açıqlamaların daha çox eşidilməsi mümkündür:


“Tramp sürətlə bir aydan sonra keçiriləcək aralıq seçkilərinə hazırlaşır. Düşünürəm ki, seçkilərə doğru gedən hər gün, hər dəqiqə Trampın bu tip açıqlamalarının şahidi olacağıq. Çünki belə açıqlamalarla Ağ Ev sahibi seçkilərdə nəticə qazanmağa çalışacaq. Hazırkı durumunun elə də ürəkaçan olmadığını o da yaxşı anlayır. Çünki keçirilən sorğular bunu göstərir. Amerikalıların İran müharibəsinə münasibəti də Tramp administrasiyası üçün mühüm amildir. “Pew Research Center”in mart ayında keçirdiyi sorğuda amerikalıların 61 faizi Trampın İran müharibəsini idarə etməsini bəyənmədiyini, 59 faizi isə hərbi gücdən istifadə qərarını yanlış hesab etdiyini bildirib. Bu, birbaşa seçki günü qutulara yansıyacaq bir nəticə ola bilər. Ona görə də Tramp hər vasitə ilə bu nəticəni dəyişməyə çalışır. Amma qarşıdakı bir ay ərzində real müharibə şəraitində nəticəni dəyişə biləcəyini düşünmürəm. Ən azı qarşıdakı bir ayda İranla bağlı real döyüş əməliyyatlarının bərpa olunacağını düşünmürəm”.


Hörmüz boğazı ilə bağlı vəziyyətə toxunan siyasi şərhçi yaxın bir ay ərzində boğazın tam şəkildə açılacağına da ehtiyatla yanaşdığını deyib:


“İran tərəfinin də özünə görə doğru hesablamaları var. İran tərəfi də yaxşı anlayır ki, ABŞ üçün İran savaşı heç də ürəkaçan olmayıb. Açıq etiraf etmək lazımdır ki, Rusiya necə Ukraynada bataqlığa düşdü ifadəsini işlədiriksə, eyni ifadəni ABŞ barədə də işlədə bilərik. Birləşmiş Ştatlar İran bataqlığına düşüb, hələ ki çıxa bilmir. Tehran da qarşıdakı dövrdə Vaşinqtonun və Tramp administrasiyasının üzləşdiyi siyasi çətinliklərdən istifadə etməyə çalışa bilər. İran da çalışacaq ki, qarşıdakı bir ayda Amerikanın, daha doğrusu Trampın çətin durumundan istifadə etsin və müəyyən nəticələr əldə etməyə çalışsın. Amma hesab edirəm ki, əsas nəticələr 3 noyabrdakı seçkilərdən sonra ortaya çıxacaq. Artıq Tramp üçün hər şey məlum olandan sonra hər hansı addımı atmaq da daha asan olacaq. Çünki o, qələbə qazanarsa buna uyğun, məğlub olarsa yenə buna uyğun addım atmaq imkanına malik olacaq”.
Cavanşir Abbaslı hesab edir ki, qarşıdakı bir ay ərzində ciddi proseslərin baş verməsi mümkündür, lakin ABŞ-İran gərginliyinin davam etməsi ehtimalı yüksəkdir.


“Hörmüz məsələsinə gəldikdə, ABŞ İranın Yaxın Şərqdəki digər məsələlərlə bağlı mövqeyinə də qarşıdır. Çalışır ki, İran Yaxın Şərqdən tamamilə öz daxilinə çəkilsin. İran isə təbii ki, bununla razılaşmır. Söhbət Suriya və digər bəzi ərazilərdən gedir. İran bu məsələlərdə öz mövqeyini ortaya qoyur və Amerikanın regionda yerləşən bəzi bazalarına zərbə endirməkdən də çəkinmir. Vaşinqtonun əsas gözləntilərindən biri Hörmüz boğazının sadəcə açılması deyil, daha geniş şərtlər çərçivəsində və ABŞ-nin qəbul etdiyi formada fəaliyyətinin bərpa olunmasıdır. İranın sentyabrda təqdim etdiyi yeddi günlük plan isə boğazın açılması ilə yanaşı, danışıqların bərpasını nəzərdə tuturdu və ABŞ tərəfindən qəbul edilməyib.


ABŞ istəyir ki, Hörmüz əvvəlki şəraitdə deyil, daha çox özünə sərf edən formada açılsın. Çünki daxildə də göstərmək istəyir ki, biz İran məsələsində müəyyən məqsədlər qoymuşduq və həmin nəticəni əldə etdik. Eləcə də xaricdə nüfuzuna dəyən bəzi zərbələri bərpa etməyə çalışır və göstərmək istəyir ki, İran cəbhəsində üstünlük əldə edib”.


Siyasi şərhçi hesab edir ki, tərəflərin mövqeləri hazırda bir-birindən kifayət qədər uzaqdır və İranın ciddi güzəştlərə getməsi gözlənilən deyil:


“Düşünürəm ki, proseslər tamamilə fərqli istiqamətlərə cərəyan edir və fevralın 28-dən əvvəlki vəziyyətlə müqayisədə bir atəşkəs əldə olunacaq. İranın güzəştə gedəcəyinə gəlincə, İran indiyə qədər güzəştə getsəydi, gedərdi. Getməyibsə, deməli, dirənişi davam etdirəcək. Nəticədə tərəflər müəyyən kompromis xəttinə gələ bilərlər. İstənilən halda orta konturda razılaşma əldə olunacaq. İran yenə deyəcək ki, mən nüvə silahı hazırlamaq fikrində deyiləm. ABŞ də deyəcək ki, biz bunun qarşısını aldıq. Trampın son açıqlamalarında da İranın nüvə silahı əldə etməsinə dair təhlükə ilə bağlı fikirlər səslənib”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR