Milli Məclis bəyanat qəbul etdi

Milli Məclis bəyanat qəbul etdi
Kateqoriya məlum deyil
T

Milli Məclis 27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Sfera.az xəbər verir ki, bəyanatı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ramid Namazov səsləndirib.

Ramid Namazov bildirib ki, 27 Sentyabr – Anım Günü böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır:

“27 Sentyabr – Anım Günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına və tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazisində bərqərar edilməsinə gətirib çıxaran zəfər yürüşünün başlanğıcı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir”.

Deputat qeyd edib ki, 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın tarixində dönüş mərhələsi olub:

“2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklər ərzində regionda yaranmış hərbi-siyasi reallığı dəyişmişdir”.

Ramid Namazov 2023-cü ildə keçirilən antiterror əməliyyatının da Vətən müharibəsində qazanılan qələbənin davamı olduğunu vurğulayıb:

“2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfərin məntiqi davamı və yekunu olmuşdur”.

Bəyanatın sonunda şəhidlərin xatirəsinin əbədi yaşayacağı qeyd olunub:

“Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təzahürü kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların hünərləri heç zaman unudulmayacaq və azadlıq, dövlətçilik tariximizdə əbədi qalacaqdır”.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR