Deputatlar Anım Günü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb.
Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sədr bildirib ki, parlament ötən sessiyanı uğurla başa vurub, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb.
O xatırladıb ki, tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti davam etmişdir:
"Xarici ölkələrə 32 səfər həyata keçirilmişdir. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə etmişlər. Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə mənim ikitərəfli görüşlərim olmuşdur. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın Baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TÜRKPA-nın Baş katibi, Gürcüstan Parlamentinin Sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, Çin Xalq Respublikasının və Özbəkistanın Baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.
Qeyd edim ki, Pan-Afrika Parlamentinin Prezidenti cənab Fatih Charania ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında anlaşma memorandumu da imzalandı. Bu artıq 5 ildə bu şəbəkənin artıq 10-cu imzaladığı əməkdaşlıq haqqında sənəddir.
Onu da deyim ki, bu dövrdə iki ölkənin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə Milli Məclisdə mənim görüşlərim olmuşdur".
Qeyd edək ki, bugünkü plenar iclasın gündəliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı və 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla, ümumilikdə, 16 məsələ yer alıb.
Xatırladaq ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Firuzə Əliyeva






