Deputatdan mühüm təklif: "Türkiyə ilə birgə qrup yaradılsın"

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı bir sıra təkliflər səsləndirib.
Sfera.az xəbər verir ki, deputat son zamanlar Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı yayımlanan materialları da diqqətə çatdırıb.
O, bu kimi halların araşdırılması üçün Türkiyə ilə birgə təhqiqat qruplarının yaradılmasını təklif edib.
“Bu təxribatların maliyyə mənbələri, idarəetmə mərkəzləri və təbliğatın qaynaqlandığı konkret mənbələr aşkarlanaraq ifşa edilməsi artıq zərurətə çevrilib. Bu məqsədlə təklif edirəm ki, strateji müttəfiqimiz olan dövlətlərlə, ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanları cəlb edilməklə, parlamentlərarası nəzarətdə birgə təhqiqat qrupları formalaşdırılsın”, - Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov internet yayımçılığı ilə bağlı da təklif irəli sürüb:
"Gündəlik həyat, məişət və mətbəx mövzusunda yayımların cəmiyyətə təhlükə yaratmadığı halda onların qarşısının alınmasına ehtiyac yoxdur, amma cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən, qızışdırıcı və təhrikedici yayımlar ciddi nəzarətə götürülməlidir. İnformasiya məkanı dövlətimizin suverenlik hüququdur və bura kütlələrin beyninin zəhərləndiyi bir poliqon ola bilməz”.
O, bu məsələlərin Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına və gündəliyinə daxil edilməsini təklif edib.
Firuzə Əliyeva






