“Anım Gününün dərin ümummilli əhəmiyyəti var” - Sahibə Qafarova

“Artıq 6-cı ildir ki, ölkəmizdə Anım Günü qeyd edilir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər.
“Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi”, - parlament sədri bildirib.
Sahibə Qafarova qeyd edib ki, Anım Gününün dərin ümummilli əhəmiyyəti var:
“Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa və qorumağa kömək edir”.
Parlament sədri çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını da vurğulayıb:
“Bu tarixi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirmişdir. Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”.
Daha sonra parlament sədri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatının mətninin oxunması üçün deputat Ramid Namazova söz verib.
Firuzə Əliyeva






