ABŞ yeni hücum dalğası üçün seçkiləri gözləyir? - AÇIQLAMA

ABŞ-nin noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İranla bağlı hərbi siyasətini yenidən sərtləşdirə biləcəyi ehtimalı gündəmə gəlib.
Vaşinqton və Tehran arasında münasibətlərdə gərginliyin tam aradan qalxmaması, əvvəlki atəşkəs və diplomatik təşəbbüslərin davamlı nəticə verməməsi yeni hərbi eskalasiya riskini gündəmdə saxlayır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə olunmadığı təqdirdə daha sərt addımların atıla biləcəyinə dair açıqlamaları bu ehtimalları artırır.
Digər tərəfdən, Tramp administrasiyasının seçkilərdən sonra diplomatik danışıqlara yenidən üstünlük verməsi də istisna edilmir.
Bu baxımdan əsas sual ABŞ-nin aralıq seçkilərdən sonra İranla bağlı hansı yolu seçəcəyi və tərəflər arasında diplomatik kanalın həmin vaxta qədər nəticə verib-verməyəcəyidir. Bəs seçkilərdən sonra ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Trampın noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirə biləcəyi ehtimalı kifayət qədər ciddi görünür.

“Bunun əsas səbəbi Vaşinqtonla Tehran arasında münaqişənin hələ siyasi həll mərhələsinə keçməməsidir. ABŞ və İran arasında əvvəlki atəşkəs və diplomatik mexanizmlər nəticə verməyib. İyunda əldə edilmiş anlaşma da sonradan qüvvədən düşüb.
Hazırda ən diqqətçəkən məqam Tramp administrasiyasının müharibənin başa çatdırılması ilə bağlı ziddiyyətli siqnallar verməsidir. Tramp sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışında İranla razılaşma əldə olunmasa, daha sərt hərbi addımların mümkünlüyünü açıq şəkildə bildirib. Eyni zamanda, noyabr seçkilərindən sonra razılaşma əldə edilə biləcəyini də deyib. Hazırda isə İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib”.
Politoloq qeyd edib ki, seçkilərdən sonrakı dövrdə Tramp administrasiyasının daxili siyasi təzyiqlərdən daha az təsirlənərək hərbi qərarlar qəbul etmək imkanı arta bilər:
“Düzdür, bu, seçkilərdən dərhal sonra yeni bombardmanın başlayacağı anlamına gəlmir. Seçkilərdən sonra diplomatik danışıqlar üçün də müəyyən imkan yarana bilər. Əgər Tehran nüvə proqramı, Hörmüz boğazı və regional təhlükəsizlik məsələləri üzrə Vaşinqtonun əsas tələblərinə cavab verən çərçivə təklif edərsə, hərbi eskalasiya əvəzinə yeni danışıqlar raundunun başlanması mümkündür. Əks halda, yeni eskalasiya riski xeyli artmış olacaq”.
Rəşad Bayramovun sözlərinə görə, bu məsələdə əsas amil seçkilərin nəticəsindən daha çox, həmin vaxta qədər Vaşinqton və Tehran arasında diplomatik kanalın hansı nəticəni verəcəyidir:
“Əgər tərəflər həmin vaxta qədər kompromis çərçivəsi yarada bilməsələr, hərbi eskalasiyanın yenidən gündəmə gəlməsi ehtimalı əhəmiyyətli dərəcədə yüksələcək”.
Qeyd edək ki, ABŞ-də 2026-cı il aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın təxminən üçdə biri uğrunda mübarizə aparılacaq.
Firuzə Əliyeva
Sfera.az






