ABŞ-İran qarşıdurmasının bitməsi Vaşinqtonun məğlubiyyəti deməkdir? - TƏHLİL

ABŞ və İran arasında aylardır davam edən qarşıdurmanın mümkün sona çatması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Tərəflər arasında hərbi əməliyyatlarla yanaşı, diplomatik və siyasi təmasların perspektivi də müzakirə olunur.
ABŞ Prezidenti Donald Tramp da müharibənin başa çatdırılması ilə bağlı müxtəlif variantların nəzərdən keçirildiyini bildirib.
Bu fonda qarşıdurmanın hazırkı mərhələdə başa çatmasının ABŞ üçün siyasi və strateji nəticələrinin necə qiymətləndiriləcəyi sual doğurur.
ABŞ-İran qarşıdurması indiki vəziyyətdə başa çatsa, bu, Amerikanın məğlubiyyəti kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Amerika Birləşmiş Ştatlarının İrana hərbi müdaxiləsi konkret hədəflərə söykənirdi:

“Öncə ABŞ prezidenti Donald Tramp İranın heç bir vəchlə nüvə silahına sahib ola bilməyəcəyini, buna imkan verilməyəcəyini bəyan edirdi. Sonra İranın balistik raketlərinin mənzilinin artırılması və daha da inkişaf etdirilməsinin tamamilə dayandırılmasını müdaxilə üçün səbəb kimi göstərirdi. O cümlədən, İranın dəstəklədiyi proksi qüvvələrə yardımını tamamilə dayandırmasını əsas gətirirdi. Eyni zamanda, Amerika Birləşmiş Ştatları regionda, yəni Körfəz ölkələrində və Yaxın Şərqdə status-kvonu kökündən dəyişəcəyini, İranın Yaxın Şərq üçün potensial təhlükə olmasını aradan qaldıracağını bəyan edirdi. Bu hədəflərin heç birinə çatılmayıb. Çünki nüvə məsələsi potensial olaraq qalmaqdadır. Bu mərkəzlər bombalanmış olsa da, hələ də hansı nüvə mərkəzində vəziyyətin necə olduğu qeyri-müəyyəndir. Üstəlik, İranın zənginləşdirdiyi, yəni yüksək səviyyədə zənginləşdirdiyi uran ehtiyatı var ki, bu da Amerika Birləşmiş Ştatlarının əlinə keçməyib. Çünki zənginləşdirilmiş uran 400 kilodan artıqdır; bu isə bir neçə nüvə silahının əldə edilməsinə bəs edir”.
Ekspertin sözlərinə görə, müharibə hədəflərinə çatmamaqla yanaşı, qlobal səviyyədə ciddi iqtisadi böhrana da səbəb olub və müharibənin indiki mərhələdə dayandırılması bilavasitə Donald Trampın məsuliyyətidir:
“Gördüyünüz kimi, heç bir hədəfə çatılmayıb. Əksinə, bu qarşıdurma bütün dünyanın başına bəla olacaq nəticələr yaradıb. Dünyada neft böhranı yaşanır, qiymətlər dəfələrlə artıb. Enerji daşıyıcılarının qiymətinin artması bütün sahələr üzrə, o cümlədən ərzaq məhsullarının da bahalaşmasına səbəb olub. Yəni bu müharibə qlobal səviyyədə iqtisadi böhrana yol açıb. Bundan başqa, böhran prosesi hələ də davam edir, çünki İran-ABŞ qarşıdurmasının nəticəsi olaraq Hörmüz boğazı bağlanıb. Dünya ticarətinin, o cümlədən neft və qaz daşıyan tankerlərin 20 faizə qədəri Hörmüz boğazından keçdiyi üçün ciddi məhdudiyyətlər yaranıb. Bu bəs eləmirmiş kimi, İranın dəstəklədiyi Yəməndəki husilər də Bab əl-Məndəb boğazını bağlamaqla dəniz ticarətinə və enerji daşıyıcılarının keçidinə ciddi problemlər yaradıblar. Bütün bunlar Amerikanın İrana müdaxiləsinin nəticəsi olaraq ortaya çıxıb. Belə bir vəziyyətdə heç bir hədəfə çatmayan ABŞ müharibəni dayandırırsa, onda verilən itkilərin, eyni zamanda qlobal səviyyədəki iqtisadi neft böhranının bədəlini kim ödəməlidir? Bu, bilavasitə ABŞ prezidenti Donald Trampın məsuliyyətidir. Əgər hədəfə çatılmayacaqdısa, İranda dağıdılan bütün infrastrukturu və məhv edilən insanları nə ilə əsaslandırmaq olar? O cümlədən, İranın Körfəz ölkələrinə atdığı raketlər fonunda dağıdılan infrastrukturu və ölən insanları da nəzərə alın. Bu şərtlər altında doğuran nəticələrin fonunda ABŞ-nin indiki vəziyyətdə müharibəni dayandırması sadəcə ABŞ-nin məğlubiyyəti kimi dəyərləndirilmir. Bu, ABŞ-nin meqamon güc nüfuzuna vurulan çox ciddi bir zərbə kimi dəyərləndiriləcək".
Bəsti Rəfizadə
Sfera.az






