"Üz-üzə gəlmək istəmir" - Putin ona görə G20-dən imtina etdi

"Üz-üzə gəlmək istəmir" - Putin ona görə G20-dən imtina etdi
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinə səfər edəcək, lakin G20 liderlərinin sammitinə qatılmayacaq.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində baş tutacaq. Rusiya dövlət başçısı 2017-ci ildən bəri ilk dəfə bu tədbirə şəxsən qatılmağı planlaşdırır. Agentlik vurğulayıb ki, Putin Ukraynanın qərb müttəfiqləri ilə birbaşa qarşıdurma riskinin olduğu çoxşaxəli beynəlxalq platformalardan yayınmağa üstünlük verir.

Rusiya liderinin G20 sammitindən imtina etməsinin başqa bir səbəbi kimi isə Ukrayna prezidenti Volodimir Zelenskinin həmin tədbirdə gözlənilmədən iştirak edə biləcəyi ehtimalı göstərilib.

Bu iddia nə qədər doğrudur? Putin nəyə görə sammitdə iştirakdan imtina edib?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Rusiya prezidentinin G20 ölkələrinin zirvə toplantısında iştirak etməməsinin səbəbini izah edib:

“Putinin G20 ölkələrinin zirvə toplantısında iştirak etməməklə bağlı qərarı, şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti və beynəlxalq tərəfdaşların, ayrı-ayrı ölkələrin, eləcə də müxtəlif güc mərkəzlərinin bu məsələyə münasibəti ilə əlaqəlidir. Konkret olaraq G20-yə daxil olan ölkələrin əksəriyyəti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın işğalına qarşı çıxır. Bununla yanaşı, G20 üzvləri arasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, müharibə ilə bağlı proseslərdə neytral mövqe saxlamağa çalışan ölkələr də var. Eyni zamanda, bəzi dövlətlər hər iki ölkə ilə yüksək səviyyəli münasibətlərini qoruyub saxlayır. Məsələn, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə kifayət qədər yüksək səviyyəli münasibətlərə malikdir, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.

Ekspert həmçinin Vladimir Putinin belə bir tədbirdə iştirak etməklə özünü müəyyən mənada diskomfort vəziyyətdə hiss edə biləcəyini düşündüyü üçün zirvə toplantısına qatılmamaq qərarı verdiyini açıqlayıb:

“Burada Ukrayna prezidentinin də toplantıda iştirak edəcəyinin məlum olması müəyyən məqamdır. Lakin mən hesab edirəm ki, əsas məsələ daha çox Vladimir Putinin ABŞ prezidenti və digər Avropa ölkələrinin prezidentləri və hökumət rəhbərləri ilə üz-üzə gəlmək istəməməsi ilə bağlıdır. Bu baxımdan onun G20 zirvə toplantısında iştirak etməmək qərarı müəyyən qədər başadüşüləndir. Bir daha qeyd edirəm ki, bu qərarı ilk növbədə Rusiya-Ukrayna müharibəsi çərçivəsində, hazırkı müharibə vəziyyəti və beynəlxalq aləmdə Rusiyaya münasibət fonunda qiymətləndirmək lazımdır. Burada əsas amil də məhz Ukrayna müharibəsi və bu müharibə ilə bağlı beynəlxalq mövqelərdir”.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR