Konqres İrandan yanadır - Tramp hansı qərarı verəcək?

Konqres İrandan yanadır - Tramp hansı qərarı verəcək?
Kateqoriya məlum deyil
T

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni qəbul edib.

Sənədin lehinə 220, əleyhinə isə 204 konqresmen səs verib. Yeddi respublikaçının da qətnaməni dəstəkləməsi diqqət çəkib.

Tramp Konqresin bu qərarından təsirlənə bilərmi? Qətnamə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə Trampı hərbi əməliyyatları dərhal dayandırmağa məcbur etmir. Onun sözlərinə görə, sənədin real hüquqi qüvvə qazanması üçün Senatdan da keçməsi və prezidentə təqdim olunması lazımdır:

“Trampın ona veto qoyacağı demək olar ki, şübhə doğurmur; 220 səs isə vetonu aşmaq üçün tələb edilən üçdəiki çoxluqdan xeyli aşağıdır. Üstəlik, əvvəlki analoji təşəbbüslər də prezidentin masasına qədər gedib çatmayıb. Buna görə qətnamənin hazırkı mərhələdə birbaşa hərbi deyil, daha çox siyasi və simvolik təsirindən danışmaq olar. Bu, Nümayəndələr Palatasının müharibəni dayandırmaq istiqamətində artıq üçüncü səsverməsidir”.

Politoloq qeyd edib ki, yeddi respublikaçının demokratlara qoşulması Tramp üçün ciddi xəbərdarlıqdır:

“Çünki bu, İranla müharibəyə münasibətdə narazılığın artıq yalnız demokratların mövqeyi olmadığını, prezidentin öz partiyasına da keçdiyini göstərir. Qarşıdan aralıq seçkilərin gəlməsi, müharibənin uzanması, hərbi xərclərin və yanacağın qiymətinin artması Ağ Ev üzərində təzyiqi gücləndirə bilər. Tramp qətnamənin özündən geri çəkilməsə də, əməliyyatların miqyasını azaltmaq, müttəfiqlərə daha çox məsuliyyət vermək və yaxud diplomatik çıxış yolu axtarmaq məcburiyyətində qala bilər. Yəni bu səsvermə müharibəni avtomatik dayandırmır, amma Trampın İran siyasətinin ABŞ daxilində legitimliyini zəiflədir və onun manevr imkanlarını tədricən daraldır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR