Tramp tam nəzarəti ələ keçirəcəyini bildirdi - Necə olacaq?

Tramp tam nəzarəti ələ keçirəcəyini bildirdi - Necə olacaq?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İran nefti üzərində nəzarəti ələ keçirə biləcəyini açıqlayıb.

O, bu barədə İrlandiyada jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Bəs ABŞ İran nefti üzərində necə nəzarət əldə edə bilər? Bunun üçün İranın neft yataqları işğal oluna bilər, yoxsa söhbət neftin ixrac şəbəkəsinə nəzarətdən gedir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, Trampın açıqlaması “Venesuela modeli” ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ Prezidenti İran neftinin də Venesuela nümunəsində olduğu kimi, ölkə ilə əməkdaşlıq çərçivəsində istismar edilə biləcəyini düşünür:

“Tramp açıqlamasında Venesuela modelindən danışıb. Yəni hesab edir ki, ABŞ İran neftini bu ölkə ilə birlikdə istismar edə bilər. O, həmçinin Venesuela neftinin beşdə birinin ABŞ-yə çatacağını və bu neftdən əldə ediləcək gəlirin müharibənin bütün xərclərini qarşılayacağını deyib”.

İqtisadçı hesab edir ki, Trampın İran nefti ilə bağlı açıqlamaları reallıqdan uzaqdır və onun daha əvvəl Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlərə bənzəyir.

“ABŞ-nin İran neftinin müəyyən hissəsinə nəzarət edə bilməsi üçün Venesuelada olduğu kimi, İranda da hakimiyyət dəyişikliyinin baş verməsi lazımdır. Mövcud İran hakimiyyətinin ABŞ-la hər hansı neft müqaviləsi imzalayacağı inandırıcı deyil”, – Allahverdi Aydın vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-İran qarşıdurması ABŞ-Venesuela münasibətlərindən ciddi şəkildə fərqlənir. Burada ideoloji fikir ayrılıqları, İranın nüvə proqramı və ən əsası, İsrail-İran qarşıdurması mühüm rol oynayır:

“Belə bir vəziyyətdə mövcud problemlər həll edilmədən ABŞ ilə İran arasında neft müqaviləsinin bağlanması mümkün deyil. ABŞ-nin mövcud İran hakimiyyətini devirə bilməsi də son hadisələrdən sonra real görünmür. Mart ayından etibarən həyata keçirilən hərbi müdaxilələrin heç bir təsiri olmayıb. Əksinə, regionda İranın təsir imkanları daha da genişlənib”.

İqtisadçı qeyd edib ki, İrana müttəfiq olan Yəmən husilərinin Bab əl-Məndəb boğazında təsir imkanlarını artırması Tehranın regional mövqelərini daha da gücləndirib.

“Bu isə o deməkdir ki, hazırda İran yalnız öz nefti üzərində deyil, Yaxın Şərq nefti üzərində də böyük təsir imkanlarına malikdir. Bu səbəbdən hesab edirəm ki, hazırda münaqişədə diqtə edən tərəf ABŞ yox, İrandır. Belə vəziyyətdə ABŞ-nin nəinki İran neftinə nəzarət etməsi, hətta bu neftdən pay alması reallıqdan uzaqdır” – müsahibimiz əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR