Tramp xalqını nə ilə qorxudub? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Dallasda keçirilən Respublikaçılar Partiyasının qurultayında çıxış edərkən deyib ki, demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər.
Ağ Ev rəhbəri bildirib ki, demokratlar hakimiyyətə gələrsə, indiyədək qurulan hər şeyi darmadağın edəcəklər. Tramp, həmçinin tərəfdarlarını Konqresə keçiriləcək aralıq seçkilərdə şəxsən onun özü namizədmiş kimi fəal səs verməyə çağırıb.
Tramp bununla xalqa hansı mesajı ötürmək istəyir? O, insanları qorxutmağa, ələ almağa çalışır? Bəs çağırışları fayda verəcəkmi?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Taleh Əliyev ABŞ Prezidenti Donald Trampın iki il bundan öncə hakimiyyətə gələrkən, xüsusilə amerikalılar üçün vəd etdiyi seçki şüarlarını xatırladıb:
“Demək olar ki, həmin vədlərin həyata keçirilməsi istiqamətində ciddi irəliləyiş əldə etməyib. Sonradan da Amerika üçün əlahiddə, qeyri-adi hər hansı addım atmayıb. Trampın fikrincə, iki il bundan öncəyə qədər hakimiyyətdə olan demokratların yenidən hakimiyyətə gəlməsi ilə qurulan hər şey dağıla və Amerika üçün faciəli bir dövr başlaya bilər. Təbii ki, bu, Donald Trampın çox populist və ucuz seçki vədidir”.
Ekspert bu cür vədlərin seçicidə rəğbət yox, daha çox antipatiya yaratdığını vurğulayıb:
“Seçki yaxınlaşdıqca düşünürəm ki, seçki texnoloqları Trampı daha fərqli seçki mesajları ilə çıxış etməyə inandırmalıdırlar. Əks halda, rəqibləri işləməsə, hətta heç bir ciddi təbliğat aparmasa belə, Trampın öz təbliğatı onun rəqiblərinə qazandıracaq, nəinki özünə. O baxımdan, Trampın bu açıqlamalarını ciddiyə almaq doğru deyil. Çünki Tramp hakimiyyəti dövründə Amerika üçün qeyri-adi nələrsə etməyib ki, demokratların hakimiyyətə gəlişi ilə bunlar məhv olmuş olsun”.
Bəsti Rəfizadə






